Xaricdə oxumaq eşqi ilə pulunu, əsəbini, vaxtını tələyə salanlar – VİDEO

02 2020 12:10

Xaricdə təhsil almaq istəyən abituriyentlər üçün sənəd qəbulu davam edir. Təhsil nazirliyi bununla bağlı xaricdə təhsil almaq istəyən abituriyentlər və onların valideynlərini seçim edərkən daha diqqətli olamağa çağırır. Əvvəlki illərin təcrübəsi də göstərir ki, bu sahədə vasitəçi şirkətlər bəzən vətəndaşlara saxta vədlər verərək onların pullarını mənimsəyirlər. Sonda isə abituriyent heç bir universitetə qəbul ola bilmir. Bu cür şirkətlər vətəndaşlara hansı vədlər verir? Bu mövzuda nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı ARB TV-də maraqlı süjet yayımlanıb.

Övladının xaricdə təhsil alması üçün “xaricdə təhsil şirkəti”nə müraciət edib, şirkətlə müqavilə bağlayaraq tələb olunan pulu ödəyib, biletini alıb düşüb vədd edilən universitetin yoluna. Getdiyi ali təhsil ocağında isə nə adı olub, nə sorağı. Beləcə vətəndaş iki xarici təhsil şirkəti tərəfindən saxta vədlərlə aldadılıb.

Sevil Abdullayeva – Zərərçəkən: “Müqavilə əsasında oğlum Mersin Dövlət Universitetinin Turizm fakültəsində təhsil almalı idi. Türkiyədə 28 gün şəhər-şəhər gəzdim, bizə külli miqdarda ziyan dəydi. Yalnız Çanaqqala şəhərinə bir avtobus 38 uşaq göndərilmişdi ki, onlardan heç biri orda oxuya bilmədi. Halbuki, hamını qəbul olunub adı ilə göndərmişdilər ki, hamı gedib universitetə oxumağa”.

Hazırda Azərbaycanda xarici ölkələrdə təhsil xidməti göstərən şirkətlərin sayı 400-dən artıqdır. Onların içərisində sadəcə 30-a yaxın şirkət daimi olaraq eyni adda və yerdə xidmət göstərir. Qalanları isə hər il yerini və adını dəyişir. Bir vətəndaşı aldatmaq üçünsə saxta sənəd, möhür, fotoşop proqramı və uzun vədlər verən, danışa bilən dil kifayət edir.

Kamran Əsədov – Təhsil eksperti:  “Xarici ölkələrdə qəbul proqramını həyata keçirən qurumların sayı ikidr. Vergilər nazirliyi tərəfindən vergi ödəyicisi kimi həm də MMC kimi fəaliyyət gösətirirlər. Bir çoxları sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN alırlar və istənilən yerdə fəaliyyətlərini dəyişə bilirlər. Tədris dilini düzgün seçmirlər. Türkiyədə oxuyurlarsa ingilis dilini seçirlər sonra bir kursdan o birinə keçə bilmirlər. Aldadılmanın digər bir tərəfi isə təhsili başa vurduqdan sonra diplomların tanınması ilə bağlıdır”.

Təəccüblü olsa da bu cür hallara təkan verən həm də valideynlərdir. Aşağı nəticələrlə şirkətlərə müraciət edən valideyn deyir ki, nə yolla olur olsun uşağım universitetə getməlidir.

Miryusif Cavadzadə – Xaricdə təhsil şirkətinin rəhbəri:  “Xahiş edirik mənim uşağımı Hacettepe Universitetində, dünyanın top1 00-lərində oxutdurun. Deyilir ki, balı yoxdur, bal düzəldin. Şirkətlər də bundan şirnikləşir. Saxta bal tapırlar. Tələbələrə söz verirlər ki, siz düzələcəksiniz. Bəziləri heç qəbulda olmurlar. Saxta imtahan nəticələrinə görə, universitetlərdən də qovulurlar”.

Təbii ki, aldanmamaq da mümkündür. Bunun üçün ən azından şirkətlərin bəh-bəhlə təklif etdikləri ali məktəblərin birbaşa özlərilə maraqlanmaq, qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etmək olar. Bundan başqa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq xarici universitetlərin siyahısı ilə tanış ola, bərələrində istənilən qədər informasiya toplamaq olar. Bir sözlə, özümüz istəmədən işbazların tələsinə düşməyimiz də mümkünsüzdür.

https://www.youtube.com/watch?v=14IDEo3lZC4