Tibbi maskanın satış qiyməti istehsal xərclərini ödəmir - VİDEO

25 2020 15:58

Koronavirus pandemiyası səbəbindən tibbi maskalara olan tələbat bütün dünyada artıb. Tələbatın artması tibbi maskanın qiymətini müzakirə mövzusuna çevirib. Hazırda dünyada ən çox satılan cərrahi maska hesab olunur ki, onun da istifadə müddəti 2 saat nəzərdə tutulub. Ölkəmizdə bu maskanın pərakəndə satış qiyməti 30 qəpikdir. Mütəxəssislər isə hesab edir ki, bu qiymət vətəndaşların aylıq büdcəsinə mənfi təsir edir.

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

 

Sakin: “Səhər aldığımı günorta atıram, günorta aldığımı axşam. Günə 2 ədəd maska istifadə edirəm. Ailədə 5 nəfərik. Onlar da istifadə edəndə günə 2-3 manat pul gedir”.

 

Sakin: “Gün ərzində təxminən 1-2 manat arası maskaya pul veririk”.

 

Eyyub Hüseynov – AİB-in sədri: “Koronavirusun qorxusu insanları məcbur edir ki, öz büdcələrindən xeyli pul ayırsınlar və bir gündə bir neçə dəfə maska dəyişsinlər. Əgər bir nəfərə 1 manat, 50 qəpiyə başa gəlirsə, gün ərzində 4-5 dəfə dəyişsə, əgər ailədə 4-5 nəfər də varsa, onda artıq 10 manata yaxın pul edir bu. Yəni ailənin büdcəsinə ciddi zərərdir”.

 

Bu zərərdən qaçmaq istəyən bəzi vətəndaşlar isə tibbi maskadan düzgün istifadə etmir.

 

Günay Rəsulova – Həkim: “Tibbi makalar infeksion xəstəlikdən qorunması üçün çox vacibdir. İnsanların gündəlik istifadə etdiyi adi sadə maskalar mütləqdir ki, hər iki saatdan bir dəyişdirilsin. Belə ki, 2 saatdan bir dəyişdirilməyən və yuyularaq bəzən istifadə olunan maskaların qoruyucu xüsusiyəti itir”.

 

Eyyub Hüseynov – AİB-in sədri: “Düşünürəm ki, maska insanlar üçün xüsusən bu şəraitdə əlçatan olmalıdır. İnsanların büdcəsinə zərər verməməlidir. Ona görə də hökumət elə iş aparmalıdır ki, maskanın qiyməti dövlət tərəfindən tənzimlənməli və çox aşağı qiymətə olmalıdır”.

 

Yerli tibbi maska istehsalçıları deyir ki, hazırda bir maskanın 30 qəpiyə satılması onun istehsal xərclərini tam ödəmir.

 

Səkinə Babayeva – Tibbi maska istehsalçısı: “Bizim əsas məqsədimiz odur ki, bu maskalar əhaliyə 30 qəpikdən yuxarı satılmasın. Hər kəsə əlçatan olsun. Hər kəs bu maskalardan istifadə etsin”.

 

Qeyd edək ki, hazırda ölkəmizdə qapalı məkanlarda və ictimai yerlərdə tibbi maskalardan istifadə məcburidur. Tibbi maskadan istifadə etməməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.