Layihələr
TV proqram
Xəbərlər
Marketinq
Reklamlar qısa veriliş fasiləsindən sonra davam edəcək
Müəllif: Toğrul Cəfər
Apr 11 2017
50 il SSRİ sistemində yaşayan nənəm hələ də yediyi pendiri, geyindiyi paltarı, baxdığı televizoru, mindiyi avtomobili, əlqərəz, istifadə etdiyi bütün məhsulları “hökumət”in istehsal etdiyinə inanır. Və ona artıq başqa bir sistemdə yaşadığımızı nə qədər başa salmağa çalışsaq da, dediyindən dönmür. Elə də güclü savadı olmayan nənəm ya gözünü açdığı sistemə alternativ ola biləcəyini təsəsəvvür edə bilmir, ya da şüuraltında, öz aləmində “ideal” olan o sistemin dağıldığına inanmır, inanmaq istəmir.
Televiziyada təzə-təzə məşhurlaşmağa başlayan bir tanışım var idi. Küçəyə çıxanda insanlar tərəfindən tanınırdı və bir müddət sonra Kiçik Qafqaz Dağlarının yaradılışında müşahidəçi qismində iştirak etmiş birisi kimi davranmağa başlamışdı. Halbuki reklamların arasına yerləşdirilmiş hissəcik olduğunu, bir az düşünsə, anlayacaqdı və bu qədər “uçmağa” ehtiyac olmadığını dərk edəcəkdi. Bu dərketmə prosesi üzun çəkdiyi üçün, özüm həmin adama məsələni başa salmağa çalışdım, amma bir faydası olmadı.
Televiziyanın qurum olaraq nə olduğu ilə bağlı tamaşaçılarda yanlış təsəvvürlər var. Amma bunun əsas günahı televiziyanın nə olduğunu düzgün izah edə bilməyən televiziyaçılardadır. Çünki televiziyaçılarımız bəzi gerçəkləri açıq şəkildə demirlər: ya nədənsə çəkinirlər, ya ümumiyyətlə o gerçəklərdən xəbərsizdirlər (işlərini bilmirlər), ya da nənəm kimi SSRİ-nin dağıldığına inanmaq istəmirlər.
Məsələyə əlifbadan başlamadıqca, heç bir müsbət nəticə əldə edə bilməyəcəyik. Bu səbəbdən də sadə suallarla başlamalıyıq.
Televiziya qurumu nədir, nə işə yarayır?
Əvvəlcə özəl televiziyalardan başlayaq. Yayım siyasətini kommersiya maraqlarının müəyyən etdiyi özəl telekanalın başlıca məqsədi, təbii ki, pul qazanmaqdır. Özəl telekanal bir biznes qurumudur və həmin telekanal sahibinin əsas istəyi şirkətinin gəlir gətirməsidir. Televiziyanın gəlir yeri də reklamlardır. Telekanal həmin reklamları maksimum geniş kütləyə çatdırmalıdır ki, daha çox reklam götürsün və daha çox pul qazansın. İnsanları ekran qarşısına keçirmək üçün də həmin reklamların arasına maraqlı nələrsə yerləşdirmək lazımdır. Reklamların arasına yerləşdirilənlərin cəminə də “televiziya layihəsi” (realiti-şoular, seriallar, tok-şoular və s) deyirik. Yəni, efirdəki aparıcının “indi isə reklam fasiləsi veririk” deməsinə fikir verməyin, reklam həmin aparıcıya imkan verir ki, o da arada nəsə danışsın, etsin, tamaşaçını ekran qarşısında saxlasın.
Bəs, televiziyanın iş sistemi bu qədər sadəykən, niyə bəzi televiziyaçılarımız məsələni qəlizləşdirirlər? Televiziyanın baş qatmağa yaradığını, televiziyanın əsas məqsədinin reklamları izlətdirmək, verilişlərin, serialların həmin reklamların geniş kütləyə çatdırılması üçün bir vasitə olduğunu söyləməyin nəyi pisdir? Televiziya haqda bunları söyləyərkən məqsəd televiziyanın dəyərini azaltmaq, televiziya sahəsində çalışan peşə sahiblərini aşağılamaq filan deyil axı. Bir şeyin dəyərli olduğunu vurğulmaq başqadır, onu müqəddəsləşdirmək başqa. Biz ikincisinə qarşı çıxarıq uzağı.
Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bir alma satıcısı işini müqəddəsləşdirməyə çalışmırsa, televiziyaçı da bunu etməməlidir. Belə baxanda, mahiyyət etibarilə də eyni işi görürük. Satmaqla məşğuluq. Satıcı almanı satmaq üçün öz məhsulunu tərifləyir, məhsulunun müştəriyə təzə, tər görünməsinə çalışır. Alma satıcısının (televiziyaçının da), keyfiyyətli məhsul satdığı təqdirdə həmişə də müştərisi olur. Məhsulu keyfiyyətli deyilsə, müştərisi də azalmağa, yox olmağa başlayır. Keyfiyyətli-keyfiyyətsiz məhsulun fərqinə vara bilmək üçün isə almadan başı çıxan birisi olmalısan. Bu nüans ötən yazıdakı “zövqlü tələbatın ortaya çıxışı” məsələsi ilə bağlıdır.
İnternetin gücü və telekanallarımızın əsas problemi
Televiziyanın nə olduğunu dəqiq dərk edən peşəkar kadrlara, mütəxəssislərə ehtiyacımız var. Bu kadr çatışmazlığı ən böyük problemimizdir. Televiziya ilə bağlı dünyada gedən prosesləri izləyən, mütaliə edən, öz üzərində çalışan peşəkar kadrlar təəssüf ki, çox az hallarda yetişir.
Televiziya haqda məlumatlı olmaqla, televiziyanı bilmək eyni şey deyil. Bizə məlumatlı olanlar deyil, dərinliyi ilə bilənlər lazımdır. Ölkəmizdə doğru-dürüst televiziya təhsili yoxdur təəssüf ki. Bu sahədə irəliləmək istəyən şəxs ancaq özü fərdi şəkildə çalışmalı, özünü inkişaf etdirməlidir.
Bu baxımdan internet də bizə geniş imkanlar təqdim edir. Amma bu imkanlar bizi yanlış yerə də apara bilər. Vəziyyəti düzgün təhlil etməliyik ki, faydalı nəticələr əldə edək. Məsələn, bu gün dünyada informasiya bumu yaşanır. İnternetlə istənilən məlumatı tez bir şəkildə əldə edə bilirik. Amma bizə hər şey haqda məlumatlı olmaq deyil, bir şeyi dəqiqliyi, dərinliyi ilə bilmək lazımdır. Hətta, televiziyanı bilmək də çox geniş bir anlamdır. Bunu daha da kiçiltməliyik. Məsələn, bizə ancaq yarışma proqramları, yaxud tok-şou və ya sənədli proqramlar və s. üzrə ixtisaslaşmış mütəxəssislər lazımdır. Çünki dünya belə bir yerdir artıq. Hərşeyşünaslıq deyil, ixtisaslaşma önəmlidir bugünkü dünya üçün. Bəs, Azərbaycanda vəziyyət necədir?
Təəssüf ki, dünyadan fərqli olaraq, bir çox məsələni öz “üsullarımızla” həll edirik hələ də. Tutaq ki, xaricdə bir telekanal rəhbərliyi yeni bir realiti-şou hazırlamaq istəyir. Həmin verilişin hazırlanması peşəkar prodakşınlara həvalə olunur, yaxud həmin layihənin komandasına daha əvvəl realiti-şoular hazırlayan və bu formatlı layihələrlə uğur qazanan, yəni həmin format üzrə mütəxəssis olan şəxslər dəvət edilir. Bizdə isə bu məsələ əsasən belə həll olunur: “Sənədli proqramlar departamentində prodüser işləyən oğlan var, nədir onun adı, hə, Emin, onu gətirək bu realiti-şouda redaktorluq eləsin (yaşanmış olaydır), xəbərlərdəki müxbir qızı da göndərək sənədli filmə prodüser kimi”.
Qısası, maqazin verilişində hansısa “manıs”ın nazı ilə oynayıb, 5 ay sonra tarixi şəxsiyyət haqda sənədli proqram, 1 il sonra isə uşaq verilişi hazırlayan şəxsin peşəkar kadr kimi yetişməyini gözləməyin mənası yoxdur.
Oxşar məqalələr
Azərbaycan əhalisinin yarısı yerli telekanallara niyə baxmır?
Sağa-sola placement - Müdirin xoşuna gəlmək, yoxsa peşəkarlıq?
“Uğurlu insan” anlayışı barədə