Inbound marketinq strategiyanız var?

Müəllif: Anar Bayramov
Apr 05 2017

Əvvəlcə qısa olaraq “Inbound marketinq”in nə olduğu haqda yazım. Ətraflı Internetdən araşdıra bilərsiniz.

“Inbound marketinq” – çok kobud desək – Internetdə maraqlı kontent yaradaraq potensial müştəriyə faydalı olmaqla cəlb etməkdir. Bu qədər bəsit deyil amma. Inbound marketinq metodoligayası ümumi marketinq strategiyasından irəli gəlməlidir. Doğru müştəriləri doğru zamanda doğru yerlərdə (biznes bloq, websayt, sosial media, landing page və s.) doğru kontentlə (faydalı kontentlə) maraqlandırıb həmin müştəriləri cəlb etməlisən.

Müştəri haqda məlumatların dəyərinin hər gün qalxdığı bir vaxtda təqdim etdiyin faydalı kontent səninçün “inbound valyuta” rolunu oynayır. Belə ki, müştərinin faydalı bildiyi kontenti oxuması üçün onun haqda vacib məlumatları (telefon nömrəsi, email və s.) alırsan. Sonra da əlaqə saxlayırsan ki, siz bizim saytda/bloqda filan məsələ ilə maraqlanmışdınız, sizə həmin məhsulu ətraflı izah edək və s. Müştərini maarifləndirib onun “ağıllı”, “məlumatlı” qərar verməyinə kömək edirsən, həm də sənə peşəkar kimi baxır, işin eksperti kimi baxır, sənə güvənir. Bir də işin başında bir təmənnasızlıq var, pul almadan faydalı olmaq var. Onun axtardığı, maraqlandığı sahədə maraqlı məlumatlar vermisən ona.

Inbound marketinqin əsas gözəlliyi odur ki, müştəriyə hələ nəsə satmamış ona fayda (faydalı content) vermiş olursan. O səbəbdən “faydalı marketinq” də deyirlər. Bunun əksi (outbound marketing) müştərini qəfil yaxalamaqdır (telemarketing, TV reklamı, bilbord və s.).

Inbound marketing SEO-dan geniş istifadə edir. Burda da eyni məntiqdir. Müştəriyə məhz axtardığı, maraqlandığı istiqamətlərdə faydalı kontent verərək cəlb edirsən.

Inbound marketinq strategiyası təkcə yaxşı kontentlə yekunlaşmır. CRM sistemi mükəmməl çalışmalıdır. Saytın ziyarətçiləri, abunəçilər, maraqlananlar – hamısı potensial müştəri kimi bazada yer alır, onlarla bütün münasibətlər qeyd olunur. Bu mənada Inbound marketinq və satış üçün ən mükəmməl platformalardan biri Hubspot’dur.

Inbound marketinq üzrə ixtisaslaşma artıq trend halını alıb. Inbound marketinq mütəxəssisləri, inbound marketinq agentlikləri və s.

Bir də Inbound marketinqi Digital marketinqlə qarışdırmaq olmaz. Digital marketinq çox geniş məfhum olmaqla marketinqə müxtəlif digital alətlər təqdim edir. Inbound marketinq isə yuxarıda qeyd olunan məntiq üzərində qurulmuş metodologiyadır.

Inbound marketinq B2B bazarlarda daha effektiv olsa da, bütün bizneslər hansısa dərəcədə istifadə edirlər get-gedə. Nə qədər ki gec deyil, sən də biznesinin inbound marketinq strategiyasını hazırla, işə keç.