Bakının təhlükə saçan eyvanları: Hər an uça bilər - VİDEO

27 2020 15:56

Bu günlərdə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında köhnə tikilinin eyvanları uçaraq yerə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma ola da bilərdi. Çünki ərazi kifayət qədər insanların intensiv hərəkət etdiyi bir yerdir.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Sakin: “Ölüm də ola bilərdi, kimsə şikəst də qala bilərdi. Hər şey gözlənilə bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Keçəndə də yuxarı baxmaq lazımdır. Əgər təhlükəli yerdirsə, keçmək lazım deyil”.

 

Paytaxtda qəzalı vəziyətdə olan binaların sayı çoxdur. Eyni zamanda həmin binaların eyvanları da kifayət qədər təhlükəli vəziyyətdədir. Bu həm də ondan xəbər verir ki, binaların eyvanlarının uçma hadisəsi son deyil, yenə də ola bilər.

 

Sakin: “1954-cü ildə tikilmiş binadır, ona görə də uçub gedir. Ona görə heç çox adam çıxmır eyvana qorxusundan”.

 

Anar Məlikov – Ekspert: “Bina ömürün tamam etmiş binadırsa və yaxud qəzalı vəziyətdədirsə, mümkündür ki, bu eyvanların artıq konstruksiyaları çürüyüb. Metal hissələri artıq çürüyüb, zədələnib. Və müəyyən zaman keçdikdən sonra yoxlanıb nəzarət olunmadıqda təbii ki, gözlənilməz təhlükələr ortalığa çıxır və eyvanlar qəfl uçur”.

 

Ekspertin sözlərinə görə, aidiyyətı qurumlar tərəfindən mütəmadi olaraq, qəzalı vəziyətdə olan binalar araşdırılmalı və qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir.

 

Anar Məlikov – Ekspert: “Qəza şəraiti yarada biləcək hallar analiz olunmalıdır. Qəzalı şəraitdə olan eyvanlar sökülüb aradan qaldırıla bilmirsə, ən azından hasarlana bilər. Ən azından çıxıntı hissələri qədər hasarlanmalıdır. Yəni fiziki insanların ora girməsi və yaxud qəzanın birbaşa baş verməsi ilə bağlı fiziki baryer yaradılmalıdır”.

 

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtda istismar müddəti bitən evlərin söküntüsü davam edir. Eyni zamanda nərimanov rayonu ərazisində də qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulub.