“Oğlanı çıxartdım bayıra, vurdum” – Həbsxana kralının 24 illik cinayəti - VİDEO

19 2020 16:43

ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1970-ci il təvəllüdlü, Bakının “Kubinka” məhəlləsində dünyaya gələn Səməd Səmədov öz həyat hekayəsini danışıb.

Səməd Səmədov – Məhkum (Cəzası 14 il( ümumi 24 il)): Atam kababçı olub, qohumlarım da tanınan kababçılar olub. Mən də məclislərə kabab çəkməyə gedirdim, atama kömək edirdim. Anam isə məşhur xalçaçı olub. Onun əsərləri Nizami muzeyində də nümayiş olunur. Uşaq vaxtlarımdan hərbiçi olmaq istəyirdim. Ona görə də 7-ci sinifdə oxuyanda sənədlərimi hərbi məktəbə verdim. Lakin gözlərimdə zəiflik olduğu üçün hərbçi olmaq arzum ürəyimdə qaldı.

 

Birinci cinayətimi yeniyetmə yaşlarımda törətmişəm. Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi, getdim bacımgilin məktəbinə. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı çıxartdım bayıra, vurdum. Amma ölümünə vurmamışdım. Məxsusi olaraq da öldürmək üçün çağırmamışdım. Sadəcə cavanlıq idi, vurdum, öldü. Azyaşlı olduğuma görə mənə 10 il həbs cəzası verdilər. O barədə çox danışmaq istəmirəm.

 

Həbsdən çıxandan sonra da özümə gəlmədim, başladım cavanlıq etməyə. Atamın, anamın arzuladığı insan ola bilmədim, özbaşına oldum, öz yolumu seçdim. Mən onsuz da valideynlərimin arzuladığı kimi yaşaya bilməyəcəkdim, onsuz da belə yaşayacaqdım. Birdən birə iki adam olmaq olmur, mən özüm oldum. O vaxtlar törətdiyim əməldən peşmançılıq çəkmirdim. Amma indi çox peşmanam.

 

Azadlıqda olanda göyərti satırdım, Pirşağıda qoyun otarırdım. Süd məhsulları satmışam, bıçaq itiləmişəm amma özümü bir sənətdə, peşədə tapa bilməmişəm.

 

İkinci cinayətim bağda oldu. Qonşularımla, yaxın uşaqlarla yığışıb getdik bağa. Alış-veriş etdik gəldik bağa yeyib-içməyə. Bir nəfər də gəldi məclisimizə. Gələn adam başqa bir yerdə də yeyib-içib gəlmişdi. İçkili idi deyə süfrədə başqa bir nəfərlə mübahisəsi yarandı. Mən də bunu çölə çıxardıb apardım ki, yola salam. İçkili idi, getmək istəmirdi, söyüş söyürdü. Heç söyüşlərinə baxmadım, bildim ki, içkilidi. Dedim eybi yox, sabah ayılar, söhbət eliyərik. Birdən bu mənə bıçaq çıxartdı. Hər şey bir anda baş verdi. Bir də ayıldım ki, qonaqlar məni onun üstündən qaldırırlar. Yıxmışdım onu yerə.

Onu bıçaqla aşağı nahiyələrdən vurmuşdum. Səndemə bıçaqlardan biri düşüb böyrəyinin damarına. O da bunu hiss etməyib, qaçıb gizləndi, axtardıq bizə cavab vermədi, tapa bilmədik onu. Biz də elə bildik ki, çıxıb gedib, dağılışdıq. 3-4 gün sonra məlum oldu ki, adam qanaxmadan ölüb. Mən də şəhərdə bir az gəzdim, fırlandım, gəldim təslim oldum. Birinci cinayətimdə də özüm təslim olmuşdum, ikincidə də. Qaçmağın mənası yoxdur”.