Payızda “ikinci dalğa” təhlükəsi: Bu dərmanlar yararlı deyil - VİDEO

22 2020 16:10

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Bu haqda bizə maraqlı olan bütün sualları TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev cavablandırdı. O bildirdi ki, iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər.

 

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet hazırlanıb.

 

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: “Biz daha da diqqətli olmalıyıq. Yumşaldılmaya gedilməsi o demək deyil ki, artıq biz bu bəladan tam qurtulmuşuq. Ara məsafəsi qorunmalıdır, özəlliklə qapalı məkanlarda maska taxılmalıdır, şəxsi gigiyena qaydalarına mütəmadi olaraq əməl olunmalıdır ki, biz bu xəstəlikdən özümüzü qoruya bilək”.

 

Həkim-İnfeksionist həmçinin uşaqların tibbi maskadan istifadə etməsi mövzusuna da toxundu. Onun sözlərinə görə, uşaqların tibbi maskadan istifadəsi mütləq deyil.

 

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: “10 yaşdan aşağı olan uşaqlarda, ibtidai sinifə gedən uşaqlarda maskanın istifadəsi ilə bağlı dünyada tövsiyə yoxdur. Çünki böyük insanlar belə maskadan düzgün istifadə edə bilmir, ona görə də uşaqların bunu yalnış istifadə etməsi xeyirdən çox zərərə səbəb ola bilər”.

 

Payız ayları həm də qrip virusunun daha çox aktiv olduğu aylardır.

Qriplə COVİD-19-un əlamətləri çox bənzərdir. Bəs koronavirus infeksiyasını qripdən fərqləndirən cəhətlər hansılardır?



Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: “COVİD-19-un bəzi əlamətləri var ki bunlar iy bilmə və dad bilmənin itməsidir ki, bu qripdən daha çox koronavirusa aiddir. Eyni zamanda qripdə bəzi dərmanlar istifadə olunur ki, bu dərmanlar COVİD-19-un müalicəsində yararlı deyil”.

 

Qeyd edək ki, ölkəmizdə 39 mindən artıq şəxs COVİD-19 infeksiyasına yoluxub. Onlardan 36 mindən çoxu sağalıb, 500 nəfərdən çoxu isə vəfat edib.