Yeni tədris ilində psixoloqların üzərinə daha çox yük düşür - VİDEO

16 2020 14:14

Şagirdlərin uzun müddət məktəb və sinif yoldaşlarından ayrı düşməsi onlara mənfi təsir göstərib. Bu da o deməkdir ki, yeni tədris ilində müəllimlərlə yanaşı məktəb psixoloqlarının üzərinə də böyük iş düşür. Bəs orta məktəblərdə çalışan psixoloqların fəaliyyətində nə dəyişiklik olacaq? Onlar şagirdlərə hansı psixoloji xidmətləri göstərməlidirlər?

 

ARB TV -nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb.

 

Kamran Əsədov – Təhsil eksperti: “II, III və IV sinifdə təhsil alan şagirdlərin məktəbə bu qədər fasilə verməsi onların dərsə adaptasiyasına ciddi təsir göstərəcək. Bu zaman psixoloqlar onlarla fərdi, individual qayda da işləməlidirlər. Birincisi onlara məktəbdə davranış qaydaları öyrədilməlidir”.

 

Təhsil eksperti həmçinin bildirdi ki, bu il birinci sinifə gedən şagirdləri psixoloji baxımdan məktəbə hazırlamaqda məktəb psixoloqları köməklik göstərməlidir.

 

Kamran Əsədov – Təhsil ekspert: “Yeni qaydalarda azyaşlı uşaqların valideynləri məktəbin inzibati binasına daxil olmayacaq. Deməli, ilk dəfə məktəbə gedəcək uşaqları psixoloji baxımdan məktəbə hazırlamaq məktəb psixoloqunun üzərinə düşəcək və onların yükü əvvəlkilərlə müqayisədə dəfələrlə artacaq”.

 

Məktəb psixoloqunun sözlərinə görə bu işdə psixoloqlar valideynlərlə bərabər çalışmalıdır.

 

Əminə Əsədova – Məktəb psixoloqu: “Pandemiya nədir? Hansı gigiyenik qaydalara riayət etməliyik? Necə məsafə saxlamalıyıq? Hansı nizam-intizam qaydalarına riayət etməliyik? Bu etapı daha rahat keçirməsi üçün müəllimlə yanaşı valideynlər də uşaqlarla bərabər işləməlidirlər”.

     

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 4447 məktəbin sadəcə 2900-də psixoloq çalışır. Digərlərində kadr çatışmazlığı olduğuna görə psixoloq ştatı hələ də boşdur.