Sürücü ilə piyadanı üz-üzə qoyan silinmiş piyada xəttləri – VİDEO

03 2020 12:39

Magistral yollara, küçələrə, prospektlərə çəkilən nişanlanma xətləri tez-tez pozulur. Bu da hər bir hərəkət iştirakçısı üçün ciddi təhlükədir. Bu xəttlər necə olur ki, asvaltda dayanmır?

ARB TV
-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Piyada xəttlərinin funksiyası hərəkət iştirakçılarını istiqamətləndirmək, yoldakı keçid və digər tələblərdən xəbərdar etməkdir. Amma edə bilmir. Funksiyasından məhrumdur. Çünki ömrü qısadır.

Sürücü: “Piyada keçidlərini görə bilmirik. Bir dəfə yağış yağdı bəs edir. Maşın xətti görmür”.

Sürücü: “Təzəlikcə çəkilib, bir ay qalır, həftədə 2-3 dəfə qəza olur burada. Keyfiyyətsizdir də ona görə”.

Sürücü: “Xəttin özündə işıq qaytarıcı bir materiallar olmalıdır. Ona işıq düşəndə uzaqdan görülməlidir. Gəlib çatanda bir metrə qalmış görürsən ki, burada bir xətt var”.

Sürücülər deyir ki, avtomobillərin sıx hərəkət etdiyi yerlərdə çəkilmiş xətlər daha tez yox olur. Mütəxəssislər bunun səbəbini xətlənmədə istifadə olunan boyaların keyfiyyətsiz və standartlara cavab verməməsində görür. Qanunvericiliyə görə nişanlanma xətləri tamamilə fərqli maddələrlə hazırlanmalı və tərkibinə xüsusi qatqılar əlavə edilməlidir ki, yağışlı və dumanlı havalarda, gecənin zülmətində sürücülər həmin xətti tutub təhlükəsiz hərəkət edə bilsin.

Elməddin Muradlı – Nəqliyyat eksperti: “Bu gün yol nəqliyyat hadisələrində əsas səbəb “idarəetmədən çıxdı, yolun kənarına düşdü” deyilir. Niyə çıxır idarəetmədən? Çünki heçnə məlum deyil, qaranlıqdır, yolu görmür, nişan yox, nişanlanma xətti yox və sürücü üçün nauməlum vəziyyət yaranır. Və bunu da o, boyanı çəkən qurum edir və məsuliyyət də onun üzərindədir. Həyət-bacada istifadə etdiyiniz boya ilə təxminən eynidir. Yol boyası bu qədər keyfiyyətsiz ola bilməz. Avropanın bir çox ölkələri var ki, illərlə gəlib o, boyaya əl vurmurlar. Elə boya vurulur ki, sensır kimi avtomobilin işığı düşəndə işıqlanır”.

Xəttlərin tez-tez pozulması müəyyən hallarda sürücü və yol polislərini də üz-üzə qoyur.

Vaqif Əsədov – BŞYPİ-nin bölmə rəisi: “Təhlükəsizliyin təmin olunmasında xəttlərin olması vacib şərtdir. Ümumiyyətlə qarlı, şaxtalı günlərdə xəttlərin görünməməsi problemi yaşanır. Amma, bu da sürücüləri çaşdırmamalıdır və yaxud törədilən xəta ilə bağlı sürücü-polis münasibətlərində bir narazılıq yaratmamalıdır”.

Sadalanan problemlərin fonunda yollarda xətlənmə işlərini həyata keçirən qurumun fikirlərini öyrənmək lazım, hətta vacib idi. Lakin hansı qapıya üz tutduqsa əlinə fırçanı alanın kimliyini bilən olmadı. Heç olmasa, gözümüzü yola zilləməyi unutmayaq.

https://www.youtube.com/watch?v=x2MZ3TGmOjY