Keçmiş məhkumlar niyə işə götürülmür? – VİDEO – FOTO

24 2020 12:05

Məhkumların cəmiyyətə adaptasiyası problem olaraq qalır. Məsələn, onların işə qəbulu. İş elanlarına nəzər salsaq açıq-aşkar elan olunur ki, tələb olunan namizədin məhkumluğu olmasın. Axı qanun onların fəaliyyətinə hər hansı ayrıseçkilik qoymur.

ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

“Təhsil önəmli deyil, hərbi bileti olmasa da olar. Əsas məhkumluğu olmasın”.

Belə məzmunlu onlarla iş elanı tapmaq olar. Bir çoxu da mühafizə işi ilə bağlıdır. Məhkumluğun olmaması tələbi işverəndənmi gəlir, yoxsa işədüzəltmə agentliklərinin başlarını ağrıtmamaq üçün qoyduqları şərtdir, bunu öz dillərindən eşitmək istədik.

İş elanı verən şəxs: “Qanun tələbidir. Mühafizə işi məsuliyyətli iş olduğundan işə götürə bilmirik, digər işlərə götürük”.

Özəl mühafizə fəaliyyəti haqqında qanuna görə isə yalnız qəsdlə ağır cinayət törədən şəxslər mühafizə işinə cəlb oluna bilməz. Qalan hallarda şəxsin əmək hüququ qorunur.

Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Müdriyyət heç bir əsas olmadan vətəndaşa ehtiyatsızlıq üzündən törədilən cinayətə görə məhkumluğu var deyə işə götürməməsi düzgün deyil. Söhbət qəsdlə törədilən cinayətlərdən gedir. Məhkumluğu varsa və məhkumluq ödənməyibsə əmək müqaviləsində işəgötürən bu şərti sala bilər”.

Qanunda heç bir maneə olmasa da bu gün ictimai rəy və işəgötürənlərin yanaşması fərqlidir. Faktiki olaraq məhkumluğu olan şəxslər əksər hallarda işə qəbul olunmur.

Samir Qasımov – Hüquqşünas: “Azərbaycan Respublikasının əmək qanunvericiliyində məhkum şəxslərin əmək hüquqlarını məhdudlaşdıran heç bir norma yoxdur. Heç bir işəgötürən şəxsi məhkum olunması səbəbi ilə, onunla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməz və ya müqaviləyə xitam vermək hüququ yoxdur”.

Millət vəkili Razi Nurullayev deyir ki, məhkum olunmuş şəxslərə qarşı işəgötürənlər diskriminasiya həyata keçirir. Sahibkarlar və digər şirkətlər belə insanların təkrar cinayətindən ehtiyat edərək onlarla işləmək istəmir. Streotiplərin qırılması üçün isə dövlət tərəfindən müəyyən addımlar atıla, məhkum olunmuş şəxsləri işə götürənlərə güzəştlər tətbiq edilə bilər.

Razi Nurullayev – Milli Məclisin Üzvü: “Keçmiş məhbusları iş götürənlərə sosial güzəştlər olunsun, vergi güzəştləri tətbiq edilsin və səirə. Mənə belə gəlir ki, bu cür stimullaşdırıcı addımlar atılarsa, o zaman işəgötürənlər də onları həvəslə işə götürərlər. Digər tərəfdən isə ümumiyyətlə cəmiyyətdə məhkumlarla bağlı streotiplərin qırılması üçün vətəndaş cəmiyyətinin rolu böyükdür”.

Vətəndaş cəmiyyətini isə işəgötürənindən məhkuma qədər bizlər təşkil edirik. İşə götürmədiyimiz, qarşısına səd çəkdiyimiz hər bir keçmiş məhbusu cəmiyyət olaraq yenidən itiririk. Onun növbəti cinayətə sövq və elə cinayətini təşkil edirik. Nəticədə məhkumluq islah yox, cinayətə yol olur.

https://www.youtube.com/watch?v=cmKRrO-9bN0