Öz ayaqları ilə əcəlinə qaçanlar – VİDEO – FOTO

20 2020 11:52

Kiminin rahatlıq axtarışı, kiminin vaxtına qənaət etmək istəyi, kiminin də sadəcə məsuliyyətsizliyi avtomobil yollarının piyadalarla dolmasına gətirib çıxarır. Avtomobillərlə piyadaların nizamlanmayan yerdə perpendikulyar hərəkəti isə nə rahatlıq, nə vaxta qənaət, nə də başqa bir xeyir gətirir. Bu, təhlükədən başqa bir şey deyil.

ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Piyada keçidlərinin olmadığı yerlərdə insanları anlamaq olar. Bu cür ərazilərdə təhlükəsizliyi gözləmək şərtilə yolu keçən piyadaya bəlkə də deyiləcək söz yoxdur. Amma başının üstündə və ya ayağının altında olan piyada keçidini qoyub yolun üstü ilə qarşı tərəfə keçmək istəyirsənsə bunun yalnız bir adı var: məsuliyyətsizlik.

Piyada keçidi var, amma siz burdan keçirsiz.

Sakin: “Daha rahatdı onun üçün”.

Sakin: “Ayağımda problem var idi, ona görə buradan keçdim”.

Metro stansiyalarına girişlərin həm də keçid rolunu oynadığından isə sanki hər kəs xəbərsizdir. Metronun giriş-çıxışı, həm də vətəndaşların bir istiqamətdən digər istiqamətə rahat və təhlükəsiz keçməsi üçün yeraltı piyada keçididir. Lakin metrolar bağlı olduğundan buradan demək olar ki, istifadə edən yoxdur. Çünki vətəndaşlar yolu təyin olumamış yerdən həm sürücülərin, həm də özlərinin həyatını təlükəyə ataraq keçirlər.

Sürücü: “Tıxac yaradırlar, maşınlar gözləyir.

Sürücü: “Həyatlarını risqə atırlar”.

Vəziyyətin ciddiliyini anlamaq üçün rəqəmlərə baxmaq kifayətdir. Rəsmi statistikaya görə, son illərdə yol qəzalarının 50 faizdən çoxu piyada səhlənkarlığı ücbatından baş verib. Baxmayaraq ki, piyadalar da sürücülər kimi qaydanı pozduqları halda məsuliyyətə cəlb edilirlər.

Vaqif Əsədov – Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi: “Söz yox ki, bu gün də təyin olunmayan yerlərdən keçən piyadalar aşkarlanırsa inzibati qayda da məsuliyyətə cəlb edilir. Məsələn, ilin əvvəlindən bugünə kimi minlərlə piyadaya inzibatı tənbeh tədbirləri tədbiq olunub. 80 km/saat sürətdən daha artıq avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş ərazilərdə yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən piyada aşkarlanırsa artıq 40 manat məbləğində cərimə olunur. Ona görə bütün piyadalar diqqətli olmalı və yol hərkəti haqqında qanunun tələblərini düzgün yerinə yetirməyi bacarmalıdır ki, yol nəqliyyat hadisələrində iştirakçı olmasın”.

Dəfələrlə bu mövzudakı çəkilişlərdə iştirakçı olan media nümayəndələri, adi sürücü və elə piyada kimi müşahidələrimiz onu deməyə əsas verir ki, biz azərbaycanlılar “piyada hər vəziyyətdə haqlıdır” fikrini başımızdan ata bilmirik. Bu uydurulmuş fikrin indiyə qədər çox insanları həyatından etdiyini, bir o qədər insanın da azadlığını əlindən aldığını nəhayət ki, anlamalıyıq.

https://www.youtube.com/watch?v=ZYnzZdlHnIk&t=1s