Bu kəndlərdə nəinki internet, telefon xətti belə yoxdur – VİDEO

01 2020 16:19

Kəndlərdə telefon xətlərinin olmaması sakinlər üçün bir sıra problemlər yaradır. Onlardan ən başlıcası karantin rejimi dövründə hər şeydən onlayn formada istifadə edildiyi bir vaxtda internetin olmaması ilə bağlıdır.

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

 

Sakin: “Gətirib avadanıqları quraşdırıblar, gör neçə ildir yağışın altında yatır elə. Niyə o orda xarab olsun ki? Bu dəqiqə məktəblilərin internetlə dərs keçməsi məsələsi var  amma bizim kəndin uşaqları bundan məhrum olublar”.

 

İllərdir xüsusilə kəndlərdə yaşanan internet problemi artıq karantin dövründə özünü daha qabarıq formada göstərir. İnsanların evlərində qalması bu əlaqə növünü ən önəmli vasitəyə çevirib. Ancaq bəzi kəndlərdə ya internetin özü yoxdur, ya da adı var özü yoxdur.

 

Sakin: “İki dəfə gəlmişdilər bura, siyahıya aldılar, amma hələ ki, bir səs çıxmayıb. Mobil telefona da vəsait köçürürsən, sərf eləmir, amma evdə olsa, ürəkli danışarsan. Bilərsən ki, mobildən daha sərfəlidir”.

 

Tələbə, şagird və müəllimlərin karantin rejimi dövründə bütün dərsləri onlayn formada keçirməsini nəzərə alsaq, deməli heç də bütün şəxslər bu imkanlardan yararlana bilmirlər. Bu da əlavə problemlərin yaranmasına gətirib çıxarır.

Sakin: “Oğlum tələbədir, data kart alır, 3 gün istyifadə edə bilir. İndi pul hardadır ki, data kart alsın bu. Müasir dövrdə artıq bütün işlər internetlədir, ona görə də mütləq lazımdır”.

 

“Aztelekom” MMC-dən bildirdilər ki, layihələr növbəlilik əsasında icra olunur, sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatları da buna uyğun ödəniləcək.

 

Emin Quliyev - "Aztelekom" MMC-nin şöbə müdiri: “Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi və keyfiyyətinin artırılması məqsədilə Aztelekom tərəfindən bir sıra layihələr həyata keçirilir. Görülən planlı işlər Şəki rayon ərazisində də aparılır. Bu gün demək olar ki, rayonun bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Eyni zamanda rayon mərkəzi daxil olmaqla, 35 yaşayış məntəqəsində geniş zolaqlı internet xidmətləri göstərilir. Və bu rəqəmin artırılması üçün artıq layihələr hazırlanıb”.

 

COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mart ayından respublika ərazisində bir sıra müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılan layihələrin icra müddətinə də təsir göstərib.

 

Emin Quliyev - "Aztelekom" MMC-nin şöbə müdiri: “Təcrid müddətində əhalinin evdə qalması sözsüz ki, genişzolaqlı xidmətlərə olan tələbatını nəzərəçarpacaq dərəcədə artırır. Şəbəkənin yüklənməsini nəzərə alaraq, xidmətlərin dayanaqlığını təmin etmək məqsədilə texniki heyət gücləndirilmiş iş rejimində çalışmaqdadır”.

 

Bu problem tək kəndlərdə yox, yeni salınan yaşayış massivlərində özünü göstərir. Görünən odur ki, sakinlər işlərin mərhələli şəkildə həll olunacağı günə qədər səbr etməli olacaqlar.