Satıcılar maska və əlcəklərdən istifadə etməlidir – VİDEO

23 2020 11:09

Satıcıların əksəriyyətinin nə qoruyucu maksası, nə də əlcəyi var. Üstəlik heç bir gigiyena qaydalarına əməl etmədən, satdığı qida məhsullarına toxunur və onu alıcıya satırlar. Niyə maskan, əlcəyin yoxdur soruşanda isə müxtəlif bəhanələr deyirlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.


Satıcılar: “Maskamız və əlcəyimiz var, sadəcə işləyirik, nəfəs almaq olmur. Bəzən əlcək taxırıq, cırılır sonra atırıq”.

Bazardakı mövcud durum alıcıları da narahat edir.

Alıcılar: “Hamımız üçün vacib qaydalardır. Qaydaları da yerinə yetirmək lazımdır”.

Mütəxəssislər bu məsələnin tək pandemiya dövründə deyil, hər zaman aktual olduğunu deyir.

İsa Əliyev – Qida mühəndisi: “Biz bilmirik ki, o satıcının səhhəti hansı yerdədir. Onun hər hansısa bir virus problemi varmı və yaxud da ki, əli hansı dərəcədə təmizdir? Bunları bilmədiyimiz üçün çox yaxşı olardı ki, bütün satıcılar, qida məhsulu satıcıları əlcək və maskalardan istifadə etsinlər”.

Aytən İsmayılzadə - Həkim: “Satıcılar gün ərzində çoxsaylı insanlarla kontaktda olurlar. Onların daşıyıcı olmaq ehtimalı daha yüksəkdir. Ona görə də onlar gigiyena qaydalarına daha düzgün əməl etməlidilər. Maskanı 2 saatdan bir dəyişməlidilər. Əlcəkdən istifadə olunursa, hər müştəridən sonra dezinfeksiya edilməlidir, yaxud dəyişməlidir”.


Ramazan Nəbiyev – AQTA-nın sektor müdiri: “Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, yəni topdan və pərakəndə satış obyektlərində, bazarlarda, yarmarkalarda koronavirusun profilaktikasına dair metodiki göstərişlər işlənib hazırlanmışdır. İstehlakçılar mümkün qədər çatdırılma xidmətindən istifadə etməlidirlər”.

AQTA hər kəsi ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan qaydalara riayət etməyə çağırır.