Virus yayan naməlum mesajlar: Ehtiyyatlı olmaq tövsiyyə edilir – VİDEO

09 2020 15:22

Bu günə özəl evdəqal kampaniyası olaraq, bütün operatorlar üçün pulsuz 6 GB hədiyyə internet paylamaq qərarı alındı. İndi sən də al. Bunun üçün müvafiq linkə daxil ol. Bu karantin günlərində çoxalan saxta kampaniyalardan birinin şirnikləşdirici mətnidir. Son vaxtlar insanlar evdə qalır və internetdən daha çox istifadə edir. Xakerlər də bu fürsətdən yararlanaraq, saxta məlumatlarla insanları aldatmağa çalışırlar.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Ramin Orucov – Ekspert (Səsyazısı): “Koronavirus pandemiya ilə bağlı əslində kütləvi şəkildə kibertəhlükəsizlik hücumları aktivləşib. Sayı demək olar ki, həddən artıq çoxalıb. Bu da əsasən qeyri-texniki insanları aldatmağa, bu prosesdə onlardan istifadə etməyə çalışırlar. “Fishing attack” deyirlər buna. Bilmədiyiniz hər hansı bir link, keçid gəlir insanlara. “Whatsapp”, “Facebook”, “Messenger” və ya müxtəlif sms, e-mail yolları gələ bilər. Linkə klik edirsiniz keçid alırsınız sayta”.

 

Ekspertlərin sözlərinə görə, bu zaman müxtəlif məqsədlər ola bilər. Məsələn sayta daxil olanların sayını artırmaq üçün istifadə edilə bilər. Digər tərəfdən insanları kütləvi şəkildə aldada bilərlər.

 

Ramin Orucov – Ekspert (Səsyazısı): “Ola bilər sayt açılanda sizə hər hansı format təqdim etsinlər. Məsələn desinlər ki, məlumatları doldurulan insanlara dövlət tərəfindən yardım ediləcək. Bank hesabları, kredit kartı məlumatları istəyə bilərlər. Guya yardım bu hesaba oturacaq. Həmin kart məlumatları oğurlana bilər. Müxtəlif hücumlarda istifadə oluna bilər”.

 

Anar İsmayılzadə - Proqramçı: “Bu tip sms-lər daha çox özümüzdən yararlanır ki, bir-birimizə paylaşırıq. Bu məlumatsızlıqdan irəli gəlir. Çünki heç bir operator durduq yerə müəyyən miqdarda sizə internet paketləri təqdim etməz. Bunlar sadəcə insanları şirnikləşdirmək və yaxud da yönləndirmək üçündür”.

 

Mütəxəssislər göstərilən linkə daxil olmadan əvvəl mesajın mətnini diqqətlə oxumağı tövsiyyə edir.

 

Rəşad Əliyev – İT mütəxəssis: “Mesajın bütün mətninin düzgün olması, bütün qaydalara düzgün riayət olunmasına fikir verməyiniz məsləhət olunur. 2-ci gələn linklərin mənbəsinin haradan olduğu, ümumiyətlə hansı linkə getdiyinə fikir vermək, yoxlamaq lazımdır. Digər bir şey həmin o tanıtım barədə düzgün məlumatın olmasını və ya ümumiyətlə o resursun həqiqətən mənbənin olmasını yoxlamağınız tövsiyə olunur”.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən məsələ ilə bağlı hələ ki, hər hansı şikayət olmadığını bildirdi. Qurum rəsmisi eyni zamanda vətəndaşları pandemiya ilə əlaqədar saxta kampaniya və digər mənbəyi dəqiqləşdirilməyən keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.