“Düşündüm ki, qarğadı” – Sərxoş piyadanı vurub qaçan məhkum – VİDEO

29 Noyabr 2019 17:16

ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1959-cu il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Rafiq Məmmədəli oğlu öz həyat hekayəsini danışıb.

Həsənov Rafiq Məmmədəli oğlu – Məhkum (9 il): “1959-cu ildə Bərdə şəhərində anadan olmuşam, orta məktəbi də orada bitirib Rusiyaya əsgərliyə getmişəm. Ölkəyə qayıtdıqdan sonra ailə qurmuşam, hazırda 2 övladım, 2 nəvəm var”.

Qaynaqçıyam, eyni zamanda “QAZEL” markalı maşınım var. Xatırlayıram, iyun ayının 17-si gecə saat 11 radələri idi. Qızım mənə zəng etdi, dedi evə oğrular girib, təcili evə gəl. Mən də həyəcandan paltarsız vəziyyətdə oturdum maşına, sürdüm qızımgilə. Döngəni dönəndə maşınımın sağ tərəfdəki işığı zəif olduğundan mərhumu görməmişəm. Mərhum oğlan da içkili vəziyyətdə yolun hərəkət hissəsində imiş, qəfldən hiss elədim ki, qabaq şüşəyə nəsə dəydi. Adam olduğunu bilmədim, düşündüm yəqin qarğadı. Mən də fikir vermədən getdim evə, 3-4 gündən sonra polis bölməsindən gəldilər. Maşının sahibini axtardılar, dedim ki, maşın mənimdi. Dedilər adam öldürüb qaçmısan, dedim ki, sübut edin. Onlar da kamera görüntülərini göstərdilər, cinayətimi boynuma aldım. Hərçənd ki, bilməyərəkdən baş vermişdi bu hadisə.

Hadisəni törədəndən sonra evə getdim ki, qızımın evindən oğrular qaçıb. Nəvələrimi, kürəkəni yola salandan sonra barmağımı kəsdim ki, gecəni yatmayam, oturdum gözlədim. Nə qədər gözləsəm də oğrular geri qayıtmadılar.

Mərhum oğlanın dostu da məhkəməyə gəlmişdi, o da etiraf etdi ki, mərhumla birlikdə içki məclisində qonaq olublarmış. Birlikdə spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsi idarə edə bilmədikləri üçün evlərinə piyada getməli olublar. Ölənin ailəsi iddia edir ki, mən onu səkidə vurmuşam, adam isə içkili olmayıb. Amma elə olmayıb o hadisə. Buradan sürücülərə üz tutub ehtiyyatlı olmalarını xahiş edirəm və mərhumun ailəsindən üzr istəyirəm, məni bağışlamalarını xahiş edirəm.

Birinci dəfədir həbs olunuram, məhkumluq yaşayıram, törətdiyim əməldən çox peşmanam”.