“İçkili idim, dostumun sözünə aldandım” - Həbs olunduğuna sevinən məhkum – VİDEO

28 Noyabr 2019 13:53

ARB TV-nin “Rezonans” proqramında bu dəfə İran İslam Respublikasının vətəndaşı olan Məhərrəməli Qəvirpur öz həyat hekayəsini danışıb.

Məhərrəmli Qəvirpur - Məhkum (13 il 6 ay): “Astara şəhərində doğulmuşam, İran vətəndaşıyam. İranda kran sürücüsü olmuşam. Dostumun sözünə aldanmışam, daha çox pul qazanmaq üçün dedilər gedək sərhəddə, gəldim, məni narkotik maddə ilə tutdular. 6 kq narkotik vasitə ilə sərhəd xidmətinin əməkdaşları məni yaxalayıb məhkəməyə verdilər.

Dostum telefonla danışırdı, Azərbaycandan olan bir nəfərlə danışırdı ki, malı bizdən götürsün. Yolu tanımırdıq, çayı keçdik, dedilər ki, çayın digər tərəfində sizi gözləyirik. Çayı keçəndən sonra sərhəd xidmətinin əsgərləri ilə qarşılaşdıq və yaxalandıq. Çantamızda qarışıq mallar var idi, tiryək, kakos və s. Mənə 4 ay sanksiya tətbiq etdilər, sonra Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsinə verildi işim. Orada 13 il yarım iş kəsildi.

Həbs olunandan 3 ay sonra Kürdəxanıya gətirildik, oradan ailəmə zəng etdim, həbs olunduğumu bildirdim. Ailəm də məndən incidi ki, sən bu yolun yolçusu deyilsən, niyə belə bir iş görmüsən. Yanıma gəlmirlər, 15 gündən bir zəng edib danışıram.

Həbs olunanda piyan idim. Qonaqlıqda idim, içmişdim. Dostum zəng etdi ki, gəl yoldaşlı gedək, mən də içkili vəziyətdə gəldim və yaxalandım. Hər bir insanın səhvi olur, mənim də səhvim məni yıxdı.

Cəzaçəkmə müəssisəsində aşbaz işləyirəm. Menyuda nə varsa hər birini bişirirəm. Burada mənə də hörmətlə yanaşırlar. Hamımız azərbaycanlıyıq, hər zaman hörmətimi saxlayırlar, yeri gələndə dəstək olurlar mənə.

Həbs olunmağıma həm də sevinirəm, sevinirəm ki, məni həbs etdilər 6 kq narkotik vasitə yaxalandı, yoxsa camaatın balaları zəhərlənərdi, həm də pis oluram, pis oluram ki, belə bir çirkaba batmışam, 13 il yarım azadlığımı itirmişəm.

Allah ömr versə, həbsxanada ölməsəm, sağ qalsam azadlığa çıxıb nəvələrimin yanına gedəcəm. Ölkə başçısından, Ədliyyə nazirindən xahiş edirəm ki, bizi öz ölkəmizə ekstradisiya etsin, gedib cəzamızı öz ölkəmizdə çəkək. Mən törətdiyim əmələ görə də öz ailəmdən, yaxınlarımdan üzr istəyəcəm, səhv etmişəm, çox peşmanam, bağışlasınlar məni”.