Su çənlərinin təhlükəsi: İnsanların həyatı risk altındadır – VİDEO

15 Noyabr 2019 17:08

Suyun fasilələrlə verildiyi ərazilərdə sakinlər tərəfindən binaların damında müxtəlif tutumlu ehtiyyat su çənləri quraşdırılır. Amma çox təəssüf ki, bu çənlərin vaxtı-vaxtında təmizlənməməsi həm suyun tərkibinə, həm də keyfiyyətinə çox pis mənfi təsir göstərir. Və bu, həm də insanların sağlamlığı üçün çox böyük təhlükədir.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bakıda hələ də bəzi yaşayış məntəqələrində su çənlərindən istifadə edilir. Lakin diqqət çəkən məqam budur ki, həmin dəmir, plastik çənlər bəzən illərlə təmizlənmir. Digər tərəfdən müxtəlif hava şəraitləri də çənlərə təsir edir ki, xüsusən günəş şüaları suyun tərkibinin dəyişməsinə səbəb olur.

Ziyəddin Kazımov – GEM-in şöbə müdiri: “Uzun illər həmin o ehtiyyat su çənləri istər plastmas su çənləri, istərsə də dəmirdən hazırlanmış su çənləri uzun müddət dezinfeksiya olunmadığına görə, bu insanlarımız arasında əlbəttə kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasına səbəb ola bilər”.

Mütəxəssislər vətəndaşlara çənin içərisində suyu 1 gündən artıq saxlamamağı, eləcə də ən azı ildə 1 dəfə su çənlərini təmizləməyi tövsiyyə edirlər.

Ziyəddin Kazımov – GEM-in şöbə müdiri: “Bu çənlər mütləq nəzarətdə olmalıdır. Vətəndaşlar tərəfindən ərazi gigiyena mərkəzlərinə və dezinfeksiya şöbələrinə müraciət olunmalıdır. Ərazi su-kanal idarələrinə müraciət olunmalıdır ki, onların yuyulub-təmizlənməsi üçün şərait yaradılsın”.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri: “Biz 81.5 faiz əraziyə fasiləsiz su veririk. Amma insanların bəzisi hələ də çəndən imtina etməyib. O çənləri yığır ehtiyyat saxlanır. Hər hansı bir qəza baş verdikdə planlı fasilə olanda o çənlərdən istifadə edir. Bunlar ildə ən azı 1 dəfə yuyulub dezinfeksiya olunmalıdır. Çünki bu gun bizim mənbələrdən insanlarımız verdiyimiz su keyfiyyətləri tam standartlardır. Onun da evə həmin o standartları çərçivəsində təmiz axması hökmən bu şərtlərə əməl olunmalıdır”.

Deyilənlərə əməl edək ki, həyat mənbəyi deyib, içdiyimiz su həyatımıza son qoymasın.