Eyvanında kabab çəkənlərin nəzərinə: Ocağınız hər an söndürülə bilər – VİDEO

11 Oktyabr 2019 12:19

Kim ki, binalarda yaşayır belə bir mənzərə ilə tez-tez rastlaşır və ya heç olmasa özü bir dəfə bunu edib - eyvanda kabab bişirib. Bunu paytaxt sakinləri əsasən yaz və payız aylarında etməyi xoşlayırlar. Oturursan mənzilində, birdən burnuna xoş bir qoxu gəlir. Səndemə qonşu çıxıb eyvanına kabab bişirir. Amma bunu edənlər hansı təhlükə ilə üz-üzə olduğunu düşünmürlər.

ARB TV əməkdaşları məsələ ilə bağlı maraqlı sujet hazırlayıblar.

Sakin: “Mən bişirəndə bişirirəm, niyə bişirmirəm? 8-də, 9-cu mərtəbədə bişirirəm, adamın ürəyi istəyəndə çəkir də kabab, burda nə var ki?”.

Sakin: “Sağlam düşünən insan mənə elə gəlir ki, eyvanda kabab çəkməz”.

Sakin: “Bu son dərəcə təhlükəlidir, ikinci bir baxımdan öz qonşularına da narahatçılıq verir”.

Söhbət bu mənzərədən gedir,  Yeni Yasamalda, 18 mərtəbəli binalardan birinin 12-ci mərtəbəsində heç bir təhlükəsizlik tədbirləri nəzərə alınmadan manqal yandıran sakin kabab bişirir. Elə bir mənzərə yaranır ki, qoxusunu almasan yanğın baş verdiyini düşünüb xilasedici çağırarsan.

Əslində yüzlərlə göydələnlərin olduğu paytaxtda bu kimi hallar tez-tez baş verir. Təbii ki, yeni binalara nəzarət dedikdə ağıla ilk gələn komendant olur.

Firəngiz Ziyadova – MTK rəsmisi: “Biz nəzarət edirik, əlbəttə ki, nəzarət var. Bizim binamızda bu məsələ ilə bağlı həmişə sakinlərlə əlaqə saxlanılır ki, balkonlarda ocaq qalamaq, kabab bişirmək olmaz”.

Amma bu cür xəbərdarlıqlara məhəl qoymayanlar az deyil. Mənzildə kabab çəkənlərin gətirdiyi səbəb, yaxud bəhanə isə belə olur: Şəhər yerində başqa nə cür eləmək olar? İnsan bu vəziyyəti nə qədər başa düşməyə çalışsa da yanğın təhlükəsi barədə fikirləşəndə "yox" deyirsən.

Elnur Babayev – FHN-in şöbə rəisi: “Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati xətalar məcəlləsində 518-ci maddə mövcutdur və bu maddəyə əsasən vətəndaşlar inzibati məsuliyyətə cəlb oluna bilərlər. Belə bir hal aşkar olunarsa və ya istər qonşusu, istər başqa vətəndaş tərəfindən 112 qaynar xəttinə və ya yazılı sürətdə bizə müraciət olarsa əməkdaşlarımız tərəfindən məsələyə çevik reaksiya veriləcək və bu məsələyə münasibət bildiriləcək”.

Deməli binanın eyvanında kabab bişirən şəxsin həmin an qulağı səsdə olsa yaxşıdır. 
Çünki ətrafa yayılan tüstü səbəbindən hər an əraziyə yanğınsöndürən briqada gələ və hadisənin necəliyindən asılı olmayaraq tüstünün mənbəyinə müdaxilə edə bilər. Təxminən, məşhur filmdə olduğu kimi...