“Hər kəsə başqa işlə məşğul olduğumu demişəm” – Kişi işi görən xanımlar – VİDEO

25 2019 12:10

Elə peşələr var ki, o peşələr kişilər və qadınlar üçün ixtisaslaşıb. Amma müasir cəmiyyətimizdə xanımların rolu artdığı kimi, peşə seçimində də onlar bəzi hallarda kişiləri üstəliyir və kişi peşələrinə yiyələnirlər.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

İllər öncə qadın peşələri dedikdə, müəllim, həkim, tikişçi kimi işlər yada düşürdü. Amma indi hərbçi, polis kimi peşələrə yiyələnən xanımlarımız da var. Amma xüsusi bacarıq və istedaddan kənar, kişilərə xas peşələrdə də xanımları görmək mümkündür. Buna bir çox misallar da çəkmək olar, avtomobil ustası olan Nüşabə xanım, kişi bərbəri Nurlanə xanım. Hərəsinin də bu peşəyə sahiblənməkdə öz tarixçəsi var.

Nurlanə Əsədullayeva - Bərbər: “Təəccüblə yanaşan da olur, olmayan da. Bu bir seçimdir, buna kiminsə qarışmağı artıq mümkün deyil. Kişi bərbəri olmaq daha çətindi, nəinki qadın bərbəri”

Nüşabə Şərifova - Maşın ustası: “Bu işdə özümü tapmışam. Düzdür, mühərrik ustasının yanında şagird olmuşam, kaş ki, sürətlər qutusunu öyrənməyə çoxdan gələrdim. Bir il, il yarım gizlənmişəm hamıdan. Deməmişəm nə işlə məşğulam, hər kəsə tamam başqa işlə məşğul olduğumu demişəm”.

Qadının cəmiyyətdə rolu və nüfuzunun artması, peşə seçimi ilə bağlı da bir çox streotipləri aradan qaldırmış oldu. İndi əksəriyyət xanımların peşə seçiminə adi hal kimi baxır.

Sakin: “Kişilər daha çox mühəndisliyə meyilli olurlar, riyaziyyata, hansısa sistemə meyilli olurlar. Qadınlar isə daha çox ünsiyyəti sevirlər, istər təhsildə olsun, istərsə də tibbdə”.

Sosioloqlar deyir ki, bu həm də, dünyada gedən gender bərabərliyinin təbliğindən irəli gəlir.

Rəşad Əsgərov – Sosioloq: “İndi müasirləşmə gedir. 
Əvvəl maşın sürən qadınlara pis baxılırdı. İndi isə, adiləşib. Bu eyni zamanda iş fəaliyyətində də özünü göstərir. Qadınlar həm də kişilərə baxanda daha təmkinli, daha diqqətli olduqları üçün bir çox sahələrdə nailiyyətlər də əldə edirlər”.

Statistik məlumatlara görə dünyada yeni biznes-strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. 
Azərbaycanda isə 100 mindən artıq işgüzar-biznes fəaliyyəti olan xanım var. Bura digər sahələri də əlavə etsək qadınların ölkə iqtisadiyyatındakı rolunu  nə qədər önəmli olduğunu görə, bilərik...