“Vaxtında döyməsəydilər avaranın biri olacaqdım” – Uşaqlarımızı döyməliyikmi? – VİDEO

24 2019 12:04

Çox vaxt valideynlər uşağı tərbiyə zamanı onu başa salmaq, onunla söhbət etmək əvəzinə uşağa fiziki güc tətbiq etməyi seçir. Təəssüflər olsun ki, cəmiyyətimizdə də bu dırnaq arası tərbiyə üsulu hələ də var. Bu zaman valideynlər bir şeyi unudurlar ki, uşaq necə deyərlər, ailədən gördüyünü götürür onların  hərəkətlərini təkrarlayır. Əgər valideyn hər hansı bir istəyin qarşısında uşağa fiziki güc tətbiq edirsə, uşaq da gələcəkdə bunu başqalarına edəcək.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “Uşağa ancaq izah etməklə, başa salmaqla , inandırmaqla tərbiyə etmək lazımdır.

Əhməd Qəşəmoğlu – Sosioloq: “Evdə uşağa qarşı şiddət, məktəbdə uşağa qarşı şiddət yeni nəslin özünə inam hissini zədələyir. Xalqların sanki bir yarış meydanında olduğu vaxtda biz öz yeni nəslimizin gözü qorxaq böyüdülməsinə imkan verməməliyik”

Könül Cəfərova – Psixoloq:  “Gəlin qəbul edək ki, şiddət, qorxu uşağa heç bir tərbiyə üsulu deyil. Bu gələcəkdə onun sosial adaptasiyasına, ünsiyyət qurmasına, özünü cəmiyyətdə şəxsiyyət kimi təsdiqələməsinə, özünü cəmiyyətdə bir fərd olaraq yetişdirməsinə müəyyən qədər təsir edən amillərdir”.

Ekspertlər bildirir ki, ilkin qənaətə görə, bir çox valideyn bunun doğru cəzalandırma üsulu olduğunu düşünür. “Eh, hansımız uşaq vaxtı döyülməmişik ki,” “Məni valideynlərim zamanında döyməsəydilər, avaranın biri olacaqdım” deyən nə qədər insan var ətrafımızda. Onlar öz aləmlərində düşünürlər ki, uşağı döyməklə düz yola gətirəcəklər.

Əhməd qəşəmoğlu – Sosioloq: “Burada birbaşa valideynləri də günahlandırmaq olmaz. Valideynlərin özünü maarifləndirməsinə çox ehtiyac var. Yəni deyəndə ki, ey valideyn, şiddət etmə, bunu daha da layiqli böyüt, o valideynlərin əksəriyyətində təsəvvür belə yoxdur ki, onu necə edirlər”.

Könül Cəfərova – Psixoloq: “Biz hər bir insanı bir yolla fəth edə bilərik, o da danışmaq və sevgi yolu ilə. Baxın, bir uşağı əzizləyib, sevərkən ondan çox rahat şəkildə bir oyuncağı almaq daha rahat olur, nəinki onu döyərək, vuraraq oyuncaqdan ayırmaq və dərs oxumağa məcbur etmək”.

“Kötək cənnətdən çıxmadır”, “Uşağın başından qapazını əskik etməməlisən”, “Qızını döyməyən dizini döyər” bu kimi fiziki zorakılığı təbliğ edən nə qədər atalar sözümüz var. Məhz bunun sayəsindədir ki, zamanında fiziki zorakılıq görənlər də bir qayda olaraq öz uşaqlarına qarşı bu cəza üsulundan istifadə edirlər. Unutmuyaq ki, dediyimiz hər söz, etdiyimiz hər hərəkət övladlarımızın gələcək həyatına təsir edir. Ona görə də onlarla dost olmağa, onları dinləməyə çalışsaq problemi daha asan həll edərik və onlarda da özümüzə qarşı kin oyatmarıq.