Bakıda binanın eyvanı uçdu – VİDEO

10 2019 17:38

Bakıda yaşayış binasının eyvanı uçub.

ARB TV xəbər verir ki, hadisə Şövkət Ələkbərova küçəsində qeydə alınıb.

Binanın ikinci mərtəbəsində uçan eyvan zirzəmidə olan obyektin damına dağılıb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Amma, bu bir də baş verəcək hadisənin eyni sonluqla bitəcəyi anlamına gəlmir. Çünki Bakıda qaydaları pozaraq artırılan eyvanların sayı N qədərdi. Şəhər icra hakimiyyəti belə köhnə tikililərin zamanla söküləcəyini bildirir.

Şikayətçi: “1997 ci ildən burada yaşayıram. Gəlib artırma ediblər, 1 pəncərə var cəmi. Onun da qabağını yığıb doldururlar. Hava almaq olmur. Dəfələrlə icra komitəsinə məktub yazmışam. Gəlib tapşırıblar, amma yenə də dərs olmur. Polisə də müraciət etmişəm. Deyir, evi almışam özüm bilərəm”.

Şikayətçi: “Buranı mən alanda bu ev hazır idi. Burada tək məndə deyil, hamıda belədi. Məndən qabaq tikən sərəncamla tikib. Buranı alanda da yoxlatdırmışam ki, sonra gəlib mənim başımı ağrıtmasınlar”.

Bu cür hallara köhnə tikili binalarda daha çox rast gəlinir. İcazəli və ya icazəsiz şəkildə artırılmış eyvanlar nəinki binanın fasad görünüşünü korlayır, eyni zamanda təhlükə yaradır. Bu cür binalarda artırma yox, daha çox mövcud eyvan sahəsinin üzərində dəyişikliyə rast gəlinir. Layihəyə əsasən açıq şəkildə təhvil verilən eyvanların sonradan bağlanması isə MTK rəhbərliyi ilə razılaşdırılır. Razılaşdırmanın hansı əsaslarla həyata keçirildiyi barədə bir şey deyə bilməsək də görülən işin şəhərin ümumi mənzərəsinə xələl gətirdiyi aydın məsələdi.

Cahid Həsənov – Memar: “Söhbət bundan gedir ki, bina tam şəkildə təhvil verildikdən sonra əhali ora köçdükdən sonra təmirə başlayır. 3, 5, 6 ay müddətinə eləsi olur 1 il müddətinə əlaqədar qurumların təsdiqindən keçdikdən sonra mənzil tam şəkildə vətəndaşın ixtiyarında olur. Demək olar ki, 10 eyvanın iki və üçündə buna rast gəlirik. Söhbət onun sayından getmir. 1 eyvanda da belə bir şey olarsa artıq o ümumi bir binanın kompozisyasını pozmuş olur”.

Ekspertlərin sözlərinə görə, eyvanların bağlanması və ya artırılması təkcə vizual görüntünü korlamır, həm də fövqəladə hal zamanı böyük təhlükələrə səbəb ola bilir.

Elmar  Nurəliyev – Təhlükəsizlik Üzrə Ekspert: “Məhəcərlərin artırılması, əlavə dəmir konstruksiyaların və şüşə aynaların quraşdırılması qanunla qadağandır. Burada ən əsası yanğın təhlükəsizlik qaydaları pozulur. İnsanlar hər hansı bir fövqəladə hadisə zamanı oradan asanlıqla evakuasiya oluna bilməyəcəklər. Bu zaman həm özlərinin həm evdə olan digər insanların həyatını təhlükəyə atır və xilasedicilərin işlərini çətinləşdirir”.

İstər köhnə, istərsə də yeni binalarda həyata keçirilən əlavə işlərdən təbii ki, aiddiyatı qurumlar da xəbərsiz deyil. Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, artıq bir neçə ildir söküntüsünə başlanılan köhnə binalarda sözügedən artırmalara dair xüsusi monitorinqin aparılmasına ehtiyac duyulmur. Səbəb isə odur ki, həmin binalar mərhələli şəkildə tam olaraq söküləcək.

O ki qaldı yeni tikililərə, bu binalarda eyvanların bağlanması onsuz da olduğu əraziyə yetərincə ağırlıq salan tikiliyə əlavə ağırlıq verir və bu da yolverilməzdir. Lakin həmin binalarda idarəçilik daha çox Mənzil Tikinti Kooperativlərinin üzərindədi. Onların bu cür əlavələrə icazəni hansı qaydalara əsasən verdiyini isə özləri bilir.