Sürücüləri təhlükəyə salan yol nişanları – VİDEO

25 2019 17:27

Təbii ki, yolların yenidən qurulması, təmir olunaraq daha komfortlu hala gətiriləməsi mütləqdir, təqdirəlayiqdir. Amma tək yolların təmiri ilə iş bitmir. Bu yollarda hərəkəti tənzimləyən yol nişanları da yenilənməli, quraşdırıldığı məkan elə seçilməlidir ki. sükan arxasında olan sürücü gecə-gündüz onları daha dəqiq və  aydın şəkildə görə bilsin. Axı yol kənarlarına qoyulan bu nişanlar yollarda hərəkəti tənzimləyir, üstəlik sürücülərə istiqaməti göstərir.

ARB TV xəbər verir ki, hazırda paytaxtın bəzi küçə və prospektlərində elə yol nişanları var ki, onlar nəinki hərəkəti tənzimləmir, hətta həmin nişanların varlığı sürücülərə təhlükəli anlar yaşadır. Artıq bir neçə gündür sözü gedən məsələ sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib.

Sürücü: “Gələn qırmızını görmür, yaşılın qabağını tutur, yaşılı görmür keçir”.

Söhbət Zabrat, Sabunçu, Balaxanı dairəsi kimi tanınan ərazilərdə quraşdırılan və sürücüləri əməlli-başlı çaş-baş salan bu yol nişanlarından gedir. Kəsişmədə hərəkəti tənzimləyən işıqforun qarşısında elə bir vəziyyət yaranıb ki, sürücülər işıqforu görmək üçün dəridən-qabıqdan çıxmalı olurlar. Hətta sözügedən yol nişanları ərazidə saysız hesabsız qəzaların baş verməsinə də səbəb olur.

Sürücü: “Sabunçu kruqundan Zabratın kruquna qədər yarım saata, bir saata gedib çıxırsan. Çox qəza baş verir, ümumiyyətlə bu yollarda hər gün qəza olur”.

İşıqforun düz qarşısında üç fərqli nişan yer alır onlardan biri yolun iki hissədən ibarət olduğunu, digəri düzünə hərəkəti, üçüncüsü isə yük maşınlarına düzünə hərəkətin qadağan olduğunu göstərir. Əslində belə yol kəsişmələrində bu nişanlar çox iş görür. lakin indiki vəziyyətdə buradakı quraşdırılan nişanların sürücülərə köməyindən çox zərəri toxunur. Çünki bu işarələr sıx şəkildə quraşdırılıb və işıqforun qarşısını kəsir. Bu da bir başa nəqliyyatın hərəkətinə çətinlik yaradır.

Bəs, görəsən, insanların həyatını təhlükəyə atan bu nişanların işıqforla eyni nöqtədə yer alması, hələ üstəlik bir-birinə bu qədər yaxın olması qanunla doğrudurmu? Ekspertlər deyir ki, yol hərəkəti haqqında qanunda məlumatverici lövhələrin harada və hansı məsafədə quraşdırılması açıq aydın göstərilib.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, oxşar vəziyyətə hazırda paytaxtın bəzi küçə və prospektində rast gəlmək olur və bu problemlərin həlli üçün qurum əməkdaşları artıq lazımı tədbirləri görür.

Problemin ciddiliyini və qurum rəsmisinin vədini nəzərə alsaq, məsələnin yaxın günlərdə həll olunacağına ümid etməyə dəyər.