Evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü? – VİDEO

12 2019 15:39
Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.


Bəs doğru olan hansıdır? Öz seçimimiz, yoxsa valideynlərin fikirləri?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: “Valideynim təklif edib. Bir nəfər olmayıb, bir neçə nəfər olub mən bəyənmişəm”.

Sakin: “Öz seçimim olub”.

Sakin: “İndi cavanlar hamısı internetdə tanış olurlar, bir aydan sonra boşanırlar. Öz seçimi, valideynlərinin də məsləhəti olmalıdır”.

Cavid İmamoğlu – Sosioloq: “Hal-hazırda Azərbaycanda mentalitetlə müasirlik üz-üzə gəlib. 20 il əvvəl ailə cəmiyyətin dayağı idi, ona görə ki, orda uşaq dünyaya gələcək deyirdilərsə, müasir dünyamızda ailə ona görə cəmiyyətin dayağıdır, orda sevgi var. Bir şeyin ki, kökündə sevgi durur, onu gərək insanlar mütləq öz seçimlərini nəzərə almalıdırlar”.

Aida Nəbiyeva – Psixoloq: “Bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq. Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur. Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq”.

Hər bir insan müəyyən yaş həddinə gəldikdən sonra öz yarını axtarır və ailə qurmaq istəyir. Amma ailə qurulacaq seçim isə çox zaman valideynlə övladları üz-üzə qoyur. Kimisi valideyninin seçimi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar.

Cavid İmamoğlu – Sosioloq: “Ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır”.

Aida Nəbiyeva – Psixoloq: “Münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıyam, nəyə görə? Ancaq bu prinsiplərlə bu maneələri aşmaq olur. Böyük faizlə gənclərin fikirləri önəmlidir, valideynlərin isə məsləhətləri önəmlidir”.

Milli mentalitetə söykənən bəzi adətlərimiz  varki, əsrlərdir özümüzlə gəzdiririk. Valideyn düşünməlidir ki, şəxi seçimini edə bilməyən övlad, gələcəkdə ailə məsuliyyətinin yükünü daşıya bilməz. Odur ki, övladınızın seçiminə müdaxilə etməyin, məsləhət verin ki, gələcəkdə yarana biləcək hansısa məsuliyyətin qınağı da üzərinizdə qalmasın.