Maşın alverçilərinin “probeq” fırıldağı – VİDEO

11 2019 16:52

Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Hazırda 2000-ci ildən əvvəl istehsal olunan avtomabillərin satışında artım müşahidə olunur. Bəzi vətəndaşlar yaranmış əlverişli şəraitdən istifadə edərək  uzun müddət istismar etdiyi avtomabilini baha qiymətə satmaq üçün müxtəlif üsullardan istifadə edir. Sözü gedən metodlardan ən çox yayılanı yürüşə müdaxilə edərək göstəricisini azaltmaqdır.

Sürücü: “Yürüşü arxaya çəkilibsə, bu, onun görkəmindən bəlli olur”.

Sürücü: “Bu maşınımdan əvvəl bir maşın aldım, ustaya aparıb yürüşün yoxladım. 200 min idi alanda, 400 min yürüşü olduğunu göstərdi. Aparıb qaytardım”.

Satıcılar ustaların köməyi ilə avtomabilin odometrnə müdaxilə edərək istismar müddətində qət etdiyi məsafəni dəfələrlə azaldır. Bununla onlar alıcını avtomabilin az istifadə olunduğununa səliqəli saxlanıldığına inandırmağa çalışırlar.  Çünki yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə hesab olunur.

Usta: “Son zamanlar belə tendensiya müşahidə edilir ki, istənilən adam maşın alır, müəyyən bir müddət sürdükdən sonra maşını satır. Bu zaman da daha yüksək məbləğə satmaq üçün avtomobilin yürüşünü dala çəkirlər”.

Avtomobillərin yürüşünün geri çəkilməsi proseduru bahalı deyil və 30 -80 manat arasında dəyişir. Lakin proses tam həyata keçirilmədiyi üçün onu müəyyən etmək mümkün olur. Yürüşə müdaxilənin hansı avtomabillərdə mümkün olmasına gəlincə isə, 2002-ci ildən sonra istehsal olunan avtomabillərin yürüş göstəricisinə müdaxilə etmək çox çətindir. Çünki bu avtomabillərin odometri ilə yanaşı digər detallarında da yürüş göstəriciləri yaddaşa yazılır. Digərlərində isə  göstərici yalnız odometrdə saxlanıldğı üçün onu silmək mümkün olur.

Hazırda satış bazarında daha çox Almaniya istehsalı olan avtomabillərin yürüşünə müdaxilə edilir. Sözügedən nəqliyyat vasitələrinin  əksəriyyəti 20 ildən çox istifadə edildiyi üçün yürüş göstəricisinin azaldılmasına ehtiyac yaranır.

Usta: “Bütün elektron bloklarda qeydə alınmış yürüşü dala çəkilərsə, onu heç bir avadanlıqda təyin etmək mümkün deyil. Lakin avtomobilə xüsusi baxşı keçirməklə bunu təyin etmək mümkündür”.

Salona diqqət etməklə də istismar müddətini qismən müəyyən etmək olar. Sükan, qoltuqlar və ən əsası oturacaqlar avtomabilin istifadə müddətini göstərən ən önəmli vasitələrdir.

Avropada bəzi  ölkələrdə  yürüşə müdaxiləyə görə vətəndaş  cinayət  məsuliyyətinə cəlb oluna bilər. Ölkəmizdəki mövcud qanunvericilikdə isə belə faktlar üçün xüsusi müddialar nəzərdə tutulmayıb.