İşlədiyi mağazanı soyan gənc saxlanıldı – VİDEO

02 2019 14:39

Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Şəmkir şəhərində fəaliyyət göstərən avtomobil ehtiyat hissələri satılan mağazada oğurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, çağrılmamış qonaq mağazanın pəncərəsini sındırmaq yolu ilə içəri daxil olaraq təhlükəsizlik kamerasını zərərsizləşdirib. Daha sonra kassada olan xeyli miqdarda pulu oğurlayıb.

Zərərçəkən tərəfindən polisə məlumat verildikdən sonra hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli törədib.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. 
Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.