Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR – VİDEO

08 2019 18:07

Yol təsərrüfatına eləcə də dövlət əmlakına sürücülər tərəfindən ziyan vurulduqda, ona dəymiş ziyan ödənilir. Bəs vətəndaşlara həmin qurumlar tərəfindən ziyan dəydikdə necə, ödənilirmi?

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Qanunvericiliyə əsasən, əgər yolun vəziyyətinə görə avtomobilə ziyan dəyərsə və ya qəza halları baş verərsə sürücüyə dəymiş ziyan ödənilməlidir. 
Amma əksəriyyət bundan xəbərsizdir.  Dəymiş ziyanın ödənilməsi üçün isə ilk növbədə həqiqətən bunun yolun vəziyyətinə görə baş verməsi sübut olunmalıdır.

Elməddin Muradlı – Ekspert: “Yol polisi tərəfindən qəza ilə bağlı formalar alınır, Avtomobil texniki servisdə qiymətləndirilir və bu toplu sənədlərlə məhkəməyə müraciət edibdə dəymiş ziyanı ala bilər”.

Sürücüyə dəymiş zərər sığorta şirkətləri tərəfindən ödənilə bilər. Amma avtomobilini icbari sığorta etdirmiş sürücülər bu halda çətinliklə üzləşə bilər. Onlar bunun üçün məhkəməyə müraciət etməli, bir müddət gözləməlidirlər. Kasko sığortda isə vəziyyət fərqlidir.

İlkin Nəcəfov – Sığortaçı: “Kasko siğorta ilə dəymiş ziyan ödənir. Sonra sığorta şirkəti həmin qurumdan ödədiyi məbləği tələb edir. Əksər hallarda həmin orqanlar məhkəməsiz o ödənişi ödəməyə çalışır”.

Sığorta ödənişlərindən əlavə, yolun vəziyyətinə görə dəymiş ziyanı aidiyyatı qurumlar tərəfindən də ödənilə bilər. Əgər hadisə təmir aparılan yolda müvafiq məlumatverici nişanların qoyulmaması yaxud səhv qoyulması ucbatından baş verərsə, sürücü ziyanın ödənilməsini tələb edə bilər. Bu zaman dövlət qurumunun günahı sübuta yetirilməlidir.

Anar Nəcəfli - AAYDA-nın mətbuat katibi: “Yol infrasturukturu dedikdə təkcə AAYDA nəzərdə tutulmalıdır. Burada digər komunnal xidmətləri sahələri də var. Belə hallar baş verərsə, AAYDA-nın günahı sübuta yetirilsə, vətəndaşa dəyən ziyan ödənilər”.

Hər bi halda xoşagəlməz sonluqlardan qaçmaq üçün yollarda son dərəcədə diqqətli olmaq lazımdır. Çünki statistika göstərir ki, 
əksər yol qəzalarında ən çox zərər sürücülərə dəydiyi kimi, ən böyük məsuliyyət də elə onların üzərinə düşür. Qaydalara riayət edək ki, sonda belə xoşagəlməz hallarla rastlaşmayaq.