Satıcıların tərəzi oyunu – DİQQƏTLİ OLUN! – VİDEO

27 Dekabr 2018 18:11
Bəzi satıcılar bazarda əhalini tərəzilər vasitəsilə aldatmağa davam edirlər. İddilara görə, hazırda bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır. Bundan çıxış yolu kimi alıcıların bir qismi özü ilə cib tərəzisi gəzdirir və aldığı malı yenidən çəkərək, nə qədər aldadıldığının fərqinə vara bilir.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Ruslan Atakişiyev - İqtisadçı ekspert: “Bu satıcının yalnış təfəkkürüdür. 
Satıcı fikirləşir ki, ondan bundan aldatmaqla, bu varlanacaq. Xalq arasında belə söz var, deyir haramçılıqla irəli getmək mümkün deyil. Haramçılıqla nüfuzunu itirir. Həmin müştəri gələn dəfə ona müraciət etməyəcək, daha da işi azalacaq”.

Əksər bazarlarda tərəzilər elə qoyulub ki, vətəndaşların ona nəzarət etmək imkanı yoxdur. Satıcıların çoxu hələ də daş tərəzilərdən istifadə edir.

Ruslan Atakişiyev - İqtisadçı ekspert: “Bazarın içində tərəzilər qurulmalıdır ki, alıcı çəkidə aldandığı halda çəkini yoxlatmaq hüququna malikdir”.

Elvin Səlimov - Vəkil: “Bazarda alqı-satqı zamanı tərəzi aldadılması artıq məsuliyət yaradır. İstehlakçının hüququnun pozulmasına gətirib çıxarır”.

Ekspertlərin sözlərinə görə, hazırda əhalinin qazancının təxminən 20 faizi aldatmalara gedir.

Elvin Səlimov - Vəkil: “Azərbaycan respublikasının İnzibati xətalar məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər 4000 manatdan 6000 manata qədər inzibati məsuliyətə cəlb oluna bilər”.

Belə hallara rastlaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər.