Yol qəzalarının əsil səbəbkarı KİMLƏRDİR? – ARAŞDIRMA – VİDEO

19 Dekabr 2018 15:44
Şəhərdaxili yollarda qəzalar çox olsa da, magistral yollarda ölüm və ağır xəsarətlərlə nəticələn qəzalar üstünlük təşkil edir. Nəticədə yol nəqliyyat hadisələri bəzən bir neçə insanın, bəzən bütöv bir ailənin bədbəxtliyinə gətirib çıxarır.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Qəzalara əsas səbəb kimi sürücü səhlənkarlığı və diqqətsizliyi, eyni zamanda piyadaların özlərinin məsuliyyətsizliyi götərilir.

Qəzaların baş verməsi avtomobillərin təhlükəsizlik elementləri ilə də bağlıdır. Nəqliyyat vasitələrində əyləc sistemi və digər avadanlıqların standartlara uyğun olması vacib şərtlərdən hesab olunur. Lakin bu qaydalara heç də bütün avtomobillərdə əməl edilmir, xüsusən də Rusiya istehsalı olan “Vaz” markalı maşınlarda.

Bunlarla yanaşı, ekspertlər bildirir ki, sürücülüklə bağlı aydın, dəqiq təfəkkürü olmayan sürücü istənilən vaxt qəza törədə bilər.

100 yol nəqliyyat hadisəsinə 250 səbəb göstərilir. Bu da qəzaların baş verməsini obyektiv və subyektiv səbəb olmaqla iki yerə bölür.

Fərhad Eyyubov – Ekspert: “Ağırlıq dərəcəsinə görə, baş vermə yerinə və baş vermə mexanizminə görə qruplara ayrılır. Onlar müəyyən olunur və bu üzrə araşdırma aparılır”.

Digər tərəfdən, yol polisi və kamera-radar yoxdursa sürət və qarşı yola çıxmaq adi hala çevrilib.

Bəzilərinin bəxti gətirir, bəziləri isə bu cür kobud qayda pozuntusunu canı ilə, ömürlük şikəst qalmaqla ödəyir. Ona görə də sürücülər yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər ki, xoşagəlməz hadisələr, yol nəqliyyat hadisələri baş verməsin.