“Elə-belə fırlanmağa çıxmışdım” – Mənzildən oğurluq edən Gürcüstan vətəndaşı – VİDEO

14 Dekabr 2018 11:53

Paytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib.

ARB TV xəbər verir ki, bu barədə zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.

Geidar Mursakulov – 
Saxlanılan şəxs: “Ayın 26-sı olardı, elə-belə fırlanmağa çıxdım. Dedim, tutaram tutaram, tutmasa da eybi yox. Yuxarı qalxıb, bir-bir yoxlaya-yoxlaya aşağı düşürdüm. Səkkizinci mərtəbədə dayandım. Qapını döydüm, çıxan olmadı. Qapı da rahat açılan qapı idi, açıb girdim. Hər yeri axtardım, heçnə tapa bilmədim. Televizor və noutbuku götürüb çıxdım”.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.