“Yolda qalmışıq, havanın açılmasını gözləyirik” - Bakı-Şamaxı yolunda qatı dumanın qurbanı – VİDEO

05 Dekabr 2018 17:29

Qatı duman Bakı-Şamaxı-Yevlax magistralında hərəkəti çətinləşdirib. Xüsusilə də gecə saatlarında duman səbəbindən bəzi sürücülər yolda qalıb.

 ARB TV xəbər verir ki, iki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında daha da kəskinləşib. Duman əsasən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib.

Ramin Musayev – sürücü: “Duman çoxdur, görmək olmur. Sürücülər əziyyət çəkir. Ağsudan gəlirəm, o tərəflər ümumiyyətlə bərbad haldadır”.

Zaur Mehdiyev – sürücü: “Qatı duman hər tərəfi bürüyüb, sürmək çətindir. Sürücülərə tövsiyyəm olar  ki, nişanlama xətlərinə əməl etsinlər. Ara məsafəsini saxlasınlar və diqqətli olsunlar ”.

Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar.

Elman Nuriyev – sürücü: “Yolda qalmışıq, gedə bilmirik, gələ bilmirik. Havanın açılmasını gözləyirik”.

Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.