“Lyuk”dan kabel oğurlayan cinayətkar SAXLANILDI - VİDEO

24 Noyabr 2018 13:56
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

ARB TV xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsi sakini Nicat Heydərov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 m kabeli oğurladığı müəyyən edilib.

Nicat Heydərov - saxlanılan şəxs: “Bir neçə il əvvəl təmir işləri aparılmışdı. Baxdım ki, kabelin içindən mis gedir. Girdim “lyuk”a o biri tərəfdən açdım. Bir başından baltanı vurub keçdim, o biri tərəfindən də vurdum. Digər quyudan dartıb çıxartdım. Ondan sonra yandırıb, məhəlləyə gələn qazelə verdim. 96 manat bir, 80 manata da bir satdım. Axırıncıda da tutuldum”.

Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.