“Hər evdə təhlükə var” - İllərdir qaz üzünə həsrət qalan BİNA SAKİNLƏRİ - VİDEO

23 Noyabr 2018 16:17
Yeni tikilən hündürmərtəbəli binalardan mənzil alan sakinlərə mənzili alarkən, böyük vədlər verilir. Köç, yaxın vaxtlarda bina bütün kommunal xidmətlərlə təhciz olunacaq. Amma sən saydığını say, gör MTK rəhbəri nə sayır. Aradan uzun illər keçsə də, qazın və yaxud işığın adını eşidən sakinlər özünə həsrət qalır.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Son vaxtlar artan şikayətlər yeni tikililərdəki kommunal xidmətlərdən istifadə ilə bağlıdır. Böyük məbləğdə pul ödəyən vətəndaş evində rahat yaşamaq istəsə də, normal şəkildə qaz, işıq su ala bilmir. Xırdalan şəhər Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllədəki hündürmərtəbəli binaların sakinləri də oxşar problemlərdən əziyyət çəkirlər.

Sakin: “Qaz barəsində dedilər ki, keçən il avqustuna qədər çəkilməlidir, çəkilmədi. Bu ilin avqustuna qədər çəkilməlidir, çəkilmədi”.

Sakin: “Qaz yoxdur, indi də məcburam balaca balonu işlədirəm. O da qorxuludur”.

Yeni tikilən hündürmərtəbəli binaların problemi təkcə qaz, işıqla da bitmir. Uzun illər əvvəl istifadəyə verilən bu binada heç lift də yoxdur. Belə olan halda ən hündürmərtəbədə yaşayan sakin nə etsin?

Sakinlərin qaz həsrətinin nə vaxt bitəcəyini öyrənmək istəyimiz baş tutmadı. Bizim çəkiliş etdiyimizi görən tikinti şirkətinin nümayəndələri qapını içəridən bağladılar. Azəriqaz İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında, xüsusi lisenziyası olan tikinti təşkilatları tərəfindən həyata keçirilir.

Əgər hər şey bu qədər rahat və sadədirsə, MTK-ların insanlara bu qədər əzab verməkdə marağı nədir?

Ramil Osmanlı – Ekspert: “Tikinti şirkətləri tikintiyə başladığı dövrdən tikinti bitənə qədər toplamalı olduqları sənədləri toplamırlar. Yəni bu sənədləşmə prosesini qanuni şəkildə keçmirlər. Bu da nəticədə müvafiq icra hakimiyəti orqanlarına əsas verir ki, həmin binanın müraciətlərinə mənfi cavab versinlər, yəni texniki şərtləri verməkdən imtina etsinlər.

Ekspertlər hesab edir ki, problemdən çıxş yolu odur ki, ƏMDK tikinti şirkəti tikintiyə başladığı gün ondan qeydiyyatla bağlı ilkin sənədləri tələb etmək hüququna malik olmalıdır. Əgər ilkin qeydiyyat şəhadətnaməsi təqdim olunarsa və vətəndaşla tikinti şirkəti arasında müqavilə notarial qaydasında həyata keçirilərsə, tikinti şirkətinin vətəndaşa verdiyi vəd elə vəd olaraq qalmaz.