Toya gedənlər niyə zəhərlənir? - VİDEO

23 Noyabr 2018 12:13
Əhali arasında qidadan kütləvi zəhərlənmə ciddi problemlərdən birinə çevrilib. Xüsusən də belə zəhərlənmələrə şadlıq saraylarında təşkil edilən toy və digər mərasimlərdə yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir.


ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Belə zəhərlənmə təhlükəsindən heç kim sığortalanmayıb. Şəkinin Öyrət kənd sakini Gülxanım Ziyəddin qızı İsmayılova kimi. Gülxanım şadlıq sarayında yeməkdən zəhərlənən nə ilk insan idi, nə də son olacaq. Çünki xoş gün üçün getdiyimiz mərasimlərdə kimlərinsə daha çox qazanc əldə etmək istəyi bəzən başqalarının faciəsi ilə bitir.

Gülxanım İsmayılova - Zəhərlənən şəxs: “Toydan qayıdanda yolda oldu. Başım fırlandı. Evə gəldim, təcili yardım çağırıldı”.

Şadlıq saraylarında olan bu cür xoşagəlməz hadisələr əsasən əvvəlki mərasimdən qalan artıq ərzaq məhsullarının növbəti toy məclislərində istifadə olunmasından, ya da 2-3 saatlıq ömrü olan salatların masada təxminən yarım gün qalmasından irəli gəlir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı onlara da zənglərin çox olduğunu bildirib.

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: “20 ildir ki, istehlakçıların hüquqlarını qoruyurum, bir dəfə də buna nail ola bilməmişik. Əgər istehlakçı xəstəxanaya düşərsə, çalışılmalıdı ki, həkimdən zəhərlənmənin səbəbi haqqında sənəd alsınlar”.

Restoranlarda təhlükəsizliyin təmin olunması o qədər də real görünmür. Odur ki, iş düşür toy sahibinə. Restoranın daxili və xarici gözəlliyinə yox, sırf mətbəxinə baxmaq lazımdır. Çünki mədəmizə gedən yol, gözəl dizayn və görünüşdən yox, mətbəxdə hazırlanan yeməklərdən keçir. Vətəndaşlar hər hansı şübhəli bir yeməklə qarşılaşdıqda Qida Təhlükəsizliyi Agentliyinin “1003” çağrı mərkəzinə zəng vurub məlumat verə bilərlər.