"Təmir varsa orada cərəyan olmaz" - Düşüncəsinin "qurbanı olan" naqil oğrusu DANIŞDI - VİDEO

19 Noyabr 2018 16:24

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 m hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.

ARB TV xəbər verir ki, 
Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.


Araşdırma zamanı onun stansiyaya məxsus 80 m naqili oğurladığı məlum olub.


İbrahim Abbasov – saxlanılan şəxs: 
“Sabunçu vağzalında təmir işləri gedirdi. Baxdım ki, mis tərkibli məftillər var, təmir varsa orada cərəyan olmaz. Apardım metal qəbulu yerinə. Polis əməkdaşları gəlib tutdular. Təqribən 80 metr olardı”.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilər.