Küçədə alver edən azyaşlı: “2-ci sinifə kimi oxudum” - VİDEO

15 Noyabr 2018 16:07
O pul qazanırsa, məndə niyə olmasın!? 


ARB TV-nin əməkdaşları əməyi istismar olunan azyaşlıların izinə düşərək paytaxt küçələrində satış edən uşaqları danışdırıb. 

Rayondan paytaxta işləməyə gələn azyaşlı 8 yaşı olduğunu deyir. Bu yaşda işləməyinin konkret səbəbini isə demək istəmir.

Salfet satan azyaşlı: “11 yaşım var, salfetka satıram. Məktəbdən çıxmışam. Saat 12:00, 13:00-dan 18:00, 20:00-a kimi salfet satıram. Günə 20, 25 ədəd satıram”.

Qələm satan azyaşlı: “Qələm satıram. Saat 11:00-dan 17:00-a kimi işləyirəm. 2-ci sinifə kimi oxudum. Ondan sonra məktəbdən çıxdım”.

Nigar Muradova – psixoloq: “Burada ailə məsuliyyət daşıyır. Nəzərə alsaq ki, ölkəmiz daxilində olan bütün uşaqlar 15 yaşına qədər icbari təhsilə cəlb olunacaqlar və həmin icbari təhsildən yaralanmalıdırlar. Demək bu zaman məktəb müəllimləri, direktorları da bu işdə cavabdehdirlər”.

Psixoloqlar deyi ki, uşaq əlini kitab əvəzinə pula öyrəşdirirsə, bu, onun gələcəyi üçün təhlükəli ola bilər. Digər tərəfdən uşaqların əməyə cəlb olunması ətrafdakı həmyaşıdlarına da təsirsiz ötüşmür.

Nigar Muradova – psixoloq: “Bəzən olur  ki, normal düşüncəli uşaqlar ona düzgün yanaşmırlar. Bəzən isə əksinə olur. Baxır, xoşuna gəlir. O pul qazanırsa, məndə niyə olmasın!? Onlar da sərbəst həyatı yaşamaq istəyirlər”.

Əksər insanlar uşaqların satdığı məhsuldan almaqla, göstərdiyi xidmətdən yararlanmaqla onlara yardımçı olduğunu düşünür. Lakin mütəxəssislər bu addımın yanlış olduğu qənaətindədirlər. 

Kəmalə Ağazadə - AUİB sədri: “O uşağın sənədi olmalıdır. Normal mühitdə böyüməlidir. Bu yaxınlarda hüquq mühafizə orqanları körpə bir qızı itlərin əlindən alıb bizim yanımıza yerləşdirib. 2 yaşlı uşaq çılpaq vəziyyətdə idi, diləndirilmişdi. Və bu günədək biz o uşağın vərdişini ona tərgizdirə bilmirik. Uşaq kimi görürsə əlini açır”.

Azərbaycan qanunvericiliyinə əsasən 15 yaşdan aşağı uşaqları işə cəlb edən hüquqi şxəslər, 3 min manatdan, 5 min manatadək, 18 yaşı tamam olmayanların sağlamlığını və mənəviyyatını təhlükə altına salanlar isə 10 manatdan 13 min manatadək cərimə oluna bilər.