Tullantı çörəklər yenidən süfrəmizə qayıdacaq – VİDEO

15 Noyabr 2018 16:05

Çörək bol olsa basılmaz vətən deyib atalar. Amma bolluq da bəzən israfçılığı gətirib çıxarır. Nəticədə tonlarla çörək tullantı kimi zibil qutularına atılır.

Bu səbəbdən də Azərbaycanda boyat çörəyin təkrar emala göndərilməsi təklif edilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı maraqlı süjet hazırlayıb.

Pərviz Əliyev - Aqrar Tədqiqatlar Mərkəzinin rəsmisi: “Hər il ölkə üzrə 20% çörək israf edilir. Bu isə 240 ton buğda deməkdir. Əkin torpaqlarının da 80 min hektarının lazımsız istifadəsinə gətirib çıxarır”.

Ekspertlər hesab edir ki, təklif arzuolunan sayılsa da, vətəndaşlar təkrar emal çörəyini almaqdan boyun qaçıracaq. Bundan əlavə həmin istehsala nəzarət daha sərt və ciddi şəkildə aparılmalıdır.

Eyyub Hüseynov - Azad istehsalçılar birliyinin sədri: “Vətəndaşların əksəriyyəti təzə çörək almaq və yemək istəyir, əgər atılan çörək təkrar emala gedərsə, həmin texnikanı zay edə bilər”.

Mərdan Tağıyev – Texnoloq: “Əgər çörək keyfiyyətli bişirilmirsə, onu 1-2 gündən artıq saxlamaq mümkün deyil. Hətta istehsal olunan çörəklərə fikir versəniz onların istehsalında qatqılardan istifadə olunur rezin kimi dartılır. Bu da vətəndaşları təzə çörək almağa vadar edir”.

Çörəyin təkrar emalı üçün təklifər içərisində xüsusi yığım yerlərinin hazırlanması, kiçik həcmli çörəklərin satışa çıxarılması eləcə də, onun qiymətinin aşağı salınması da var.

Pərviz Əliyev - Aqrar Tədqiqatlar Mərkəzinin rəsmisi: “Təkrar emaldan sonra dövriyyəyə cəlb oluna bilər. Əlbəttə bundan sonra da çörəyin qiymətində azalma olacaq. Bir və iki nəfərlik ailələr üçün də kiçik ölçülü çörəklər istehsal olunacaq”.

Fazil Mustafa – Deputat: “İsrafçılığın da qabağın almaq üçün ciddi təbliğat aparmaq lazımdır. İnsanlar nümunə olmalıdır. Bunun üçün qanunda dəyişikliyə ehtiyyac yoxdur. İstənilən şəxs bunu edə bilər”.

Hazırda dünyanın əksər ölkələrində çörəyin təkrar emalı həyata keçirilir. Bununla həm israfın qarşısı alınır, həm də qida təhlükəsizliyinə əməl olunur.