12 yaşlı Əlinin qeyri-adi istedadı – VİDEO

29 Oktyabr 2018 19:23

6 yaşımdan çəkirəm 

12 yaşlı Əli Əliyev coğrafi bilikləri ilə hamını heyrətə salır.

ARB Günəş-in “Xəbərdar ol” proqramına qonaq olan azyaşlı istedad, Azərbaycanın şəhər və rayonlarının, hətta bir çox kəndlərinin yerini xəritədə əzbər bilir. Hər hansı bir məntəqəni soruşduqda heç fikirləşmədən göstərir, onların coğrafi mövqeyi haqqında ətraflı məlumat verir.

Əli, Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 6-cı sinif şagirdidir.

Onun bacarıqları bununla bitmir. Oxuduğu sinif otağındakı ölkəmizin siyasi xəritəsini də özü çəkib.

“Sinfimizdəki Azərbaycanın siyasi xəritəsini 3 günə hazırlamışam. 
Xəritədə bütün rayon və şəhərləri, bir çox kənd və qəsəbələri tam dəqiqliklə qeyd etmişəm. 6 yaşımdan xəritələr çəkirəm, Azərbaycanla yanaşı dünya xəritəsini də çəkmişəm. Xəritələri çəkə-çəkə coğrafi məlumatları və yer adlarını da əzbərləyirdim.” 

Əlinin arzusu xəritədən tanıdığı yerlərə səyahət edib oraları canlı olaraq görməkdir.