XƏBƏRDARLIQ! Saxta profil açanları HƏBS GÖZLƏYİR – VİDEO

25 Oktyabr 2018 21:44

Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Bildirilir ki, qurumun adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Ekspertlərin sözlərinə görə, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən dövlət qurumlarının səhifələrinin, profillərininin yaradılmısı kimi hallar artıb. Bəzən bu cür profillər, səhifələr xoş niyyətli olur. Həmin dövlət qurumu barədə normal, həqiqəti əks etdirən informasiyalar paylaşılır. Amma bəzən də əksinə.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Osman Gündüz – Ekspert: “Dövlət qurumlarının adından səhiflələr, profillər yaradılır, onların emblemləri, sloqanları, loqoları qoyulur. Onların adından açıqlamalar verilir. Sanki onların bir bəyanatı, press-relizi cəmiyyət üçün açıqlaması kimi verilir. Burda artıq cinayət tərkibi var”.

Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi də belə bir halla üzləşmişdi. Müəyyən şəxslər sosial şəbəkədə mərkəzin loqotipindən istifadə etməklə açdıqları səhifələr vasitəsilə istifadəçiləri yalan məlumatlarla aldatmağa cəhd göstərmişdilər. Amma çox keçmədi ki, imtahan mərkəzinin rəsmiləri bundan xəbər tutdu və müvafiq tədbirlər görüldü.

Xanlar Xanlarzadə - DİM-in Sektor müdiri: “Həmin sosial şəbəkə istifadəçiləri dövlət imtahan mərkəzinin adından və loqotipindən istifadə edirlər. DİM-in press-relizlərindən istifadə etməklə, müəyyən məlumatlar paylaşırlar, daha sonra isə istifadəçilərin suallarını cavablandırırlar.

Azər Badamov – Millət vəkili: “Dövlət qurumları adından sosial şəbəkələrdə məlumat yayırlarsa, onların məqsədi var. Bu təxribat xarakterli məqsədlərdir. Və onların qarşısı ciddi şəkildə alınmalıdır”.

Hər hansı bir dövlət qurumuna məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər məsuliyyətə cəlb olunur.

Tahir Əlirzayev – Vəkil: “Cinayət məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi maddəsinə əsasən həmin cinayət əməlini törətmiş şəxsi 1500 manat cərimə
, 3000 manata qədər 2 ilədək islah işləri və eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hazırda sosial şəbəkələrdə bu cür saxta profil və səhifələrin aşkarlanıb, silinməsi çox rahatdır.

Osman Gündüz – Ekspert: “Bu yaxınlarda facebook ciddi təmizləmə işi apardı. Onların artıq robotları var, alqoritmləri var ki, hansı səhifə saxtadır. Bunlar müəyyən edə bilirlər və dərhal silə bilirlər”.

Mütəxəssislər bu cür saxta səhifə və profillə qarşılaşan şəxslərə öncə sosial media resurslarının özünün administrasiyasına müraciət etməyi məsləhət görür. Növbəti addımda isə hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Bunu etməklə sosial şəbəkədə saxta profil və səhifə açan şəxslərin saxta niyyətinin qarşısını almaq olar.