Gözəllik salonu adı altında gizlənən ət sexinin ÜRƏK BULANDIRAN GÖRÜNTÜLƏRİ – VİDEO

23 Oktyabr 2018 21:38

Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb. 

ARB TV xəbər verir ki, reyd zamanı obyektin nə sanitar gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub.

Qararalmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları... 

Nizami Zeynalov – AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri: “Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.

Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürüldü.

Əkbər Əliyev – AQTA-nın Bakı şəhər idarəsinin rəisi: “Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göndəriləcək”.

Ən maraqlısı isə obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.