Biri sərxoş, biri narkoman, o birisi isə avtoxuliqan – Reyddən MARAQLI GÖRÜNTÜLƏR – VİDEO

23 Oktyabr 2018 18:45

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib. 

ARB TV xəbər verir ki, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. 

Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Jaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanılıb. Afəl Cəfərov “Opel” markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyini bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində "Toyota" markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib,  avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

“BMW” markalı avtomobilin sürücü Arzu Nəsibov isə Mətbuat və Hüseyn Cavid prospektlərində təhlükəli manevrlər etdiyi, həmçinin piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbirlər görülərək aidiyyəti üzrə Yasamal RPİ-yə təhvil verilib.

Nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb. Reyd zamanı digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb.