“Evdə unudulmuşdu ki, mən məktəbə getməliyəm” - Atasını müharibədə itirən Cahangir Məmmədli - VİDEO

22 Oktyabr 2018 18:40

ARB Günəş-in “Mən məktəbli ikən” layihəsinin növbəti qonağı filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədli olub.

Cahangir Məmmədli yaşadığı kəndi və oxuduğu məktəbi kövrələrək yada salıb:

“Kəndimiz hazırda ermənilərin tapdağı altındadır. Amma Novruzlu kənd məktəbi elə təhsil ocağı idi ki, ona məktəb adı çox yaraşırdı”.

O doğulmazdan 10 gün əvvəl atası müharibəyə yollanıb və geri qayıtmayıb. O, doğulandan 6 ay sonra isə anası vəfat edib. Cahangir Məmmədlini bacıları və qardaşları böyüdüb:

“Birinci sinfə gedəndə evdə unudulmuşdu ki, mən məktəbə getməliyəm. Çox savadlı bir əmim oğlu vardı, həmin dövrdə Ağdamda işləyirdi. Bir gün o bizə gəldi və məlum oldu ki, mən birinci sinfə getməliyəm. O, çox böyük təlaş içində məni məktəbə hazırladı və təhsil almağa başladım”.

Qeyd edək ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş” televiziyasında yayımlanır.