“Evdə heç kim yoxdur” – Valideynlərin nəzərinə - DİQQƏTLİ OLUN! – VİDEO

19 Oktyabr 2018 21:24

Qapı bağlıdır, evdə heçnə olmaz, deyirsizsə yanılırsız.

ARB TV xəbər verir ki, azyaşlıları evdə tək, bağlı qapı arxasında qoyan valideyn az deyil. 

Uşaq qapını açır, anan haradadır soruşanda da deyir ki, “evdə heç kim yoxdur”…

Valideynlər uşaqlarını evdə tək qoyarkən ehtiyatlı olmalıdırlar. Onlara qapını kimə açmalı olduqlarını öyrətməlidirlər və evdə tək qalarkən nəyə əl vurmamalarını başa salmalıdırlar. Əks halda nəticə acınacaqlı ola bilər.

Vüsal Yusifov – FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı: “Evdə qaz sıza bilər, pəncərə açıq qala bilər. Təhlükədir hamısı”.

Fövqəladə hallar nazirliyinin xüsusi riskli xilasetmə xidməti bu ilin 9 ayı ərzində uşağın bağlı qapı arxasında qalması ilə bağlı 182 çağırışın qeydə alındığını deyir. Ümumi 233 azyaşlı uşaq təxliyə olunaraq valideyninə təhvil verilib.

Vüsal Yusifov – FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı: “Müraciətlərin çoxu axşam saatlarında olur. Bəzi valideynlərin iş vaxtı gec başa çatdığından, ailənin natamam olduğundan problemlər yaranır. Valideyn təbliğat aparmalıdır. DİN və FHN-in qaynar xəttini uşağa öyrətməlidir”.

Ekspertlər də narahatdır. İl ərzində uşaqlarla bağlı təşkilatların qaynar xəttinə daxil olan 3-4 min zəngdən 800-900-ü məhz valideyn məsuliyyətsizliyi ilə bağlı olur. Nəticədə geri dönüşü olmayan hadisələr baş verir.

Kəmalı Haşımova – İB-nin icraçı direktoru: “Ana misan üçün, hansısa kafedə ya da başqa yerdə çalışır, gec gəlir. Bununla o uşağın da hüququnu pozur. Uşağın asudə vaxtı təşkil olunmur, və valideyn tərbiyəsindən kənar qalır. Hətta uşaq evdə bağlı qalır, ac olur”.

Uşaqlar evdə, bağlı qapı arxasında həm də ona görə qalır ki, valideyn körpəsini əmanət edəcək adam tapmır. Problemin həlli olan uşaq bağçaları isə özləri ayrı problemdir. Nə qədər ki, proses sadələşməyib həm uşaqlar nəzarətsiz qalıb psixoloji sarsıntı keçirəcək, həm də valideynlər.