“Gördüm ki, ev gedir” – Şamaxıda yenə torpaq sürüşdü - DAĞINTILAR VAR – VİDEO

09 Oktyabr 2018 19:01

Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi səngimək bilmir. 

ARB TV xəbər verir ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb.

Son günlər yağan güclü leysan yağışları səbəbindən Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artıb, evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.

Cəlal Çıxaidze – Sakin: “Əvvəl biraz balaca idi çatlar. Bu iki-üç gün yağışlardan sonra gördüm ki, ev gedir. Burada nə yatmaq, nə də yaşamaq olur. Tavan aşağı düşür”.

Vahid Qasımov – Sakin: “Gecə yatırdıq, birdən səs gəldi. Durub bayıra çıxdıq, gördük ki, divar aralanıb. Əvvəl 1-2 santimetr idisə, indi 10-15 santimetrdir. Suvaqlar da yerə tökülüb. Evin divarları çatlayıb”.

Vahid Bayramov – Sakin: “Gecə yatmaq təhlükəlidir. Hətta pilləkəndən çıxıb-düşəndə adam qorxur. Pay torpaqlarını da yararsız hala salıb”.
 
Kənd İcra Nümayəndəliyindən verilən məlumata görə torpaq sürüşməsi səbəbindən bu günə qədər 10 ev qəzalı kimi qeydə alınıb. Kənddə 7 hektar əkin sahəsi də sürüşərək yararsız hala düşüb. Qəzalı evlərlə bağlı müvafiq qurumlara məlumat verilib.