“Belə aparıram, ürəyim belə istəyir” – Bərəkəti benzinə bulayan ÇÖRƏK DAŞIYICILARI – VİDEO

08 Oktyabr 2018 19:27

Son vaxtlar çörəyin süfrələrimizə hansı yollarla gəlib çıxması şübhələr doğurur. Çörək maşınlarının sanitar qaydaları pozması halları artıb.

Məsələ ilə bağlı ARB TV-də maraqlı reportaj yayımlanıb.

Araşdırma apararkən belə qayda pozuntusuna rast gəldik. Çörək daşıyan maşının yiyəsi maşınını rəngləyəcəyini və belə antisanitar halın birdə yaşanmayacağını dedi. Bundan sonra nəzarət olunacaqmı, olunmayacaqmı? Bilmirik. Amma buna qədər olan çörəyin daşınması zamanı yol verilən bu səhlənkarlıqların vətəndaşlara az zərbəsi dəyməyib.

Sakin: “Çörəkdaşımada antsanitar vəziyyət var. Bəzən çörəklərdən benzin iyi gəlir. Çünki onları daşıyan yerdə maşın avadanlığı olur, ya da üstü açıq olur. Hamı da əlini vurur çörəyə”.

Sakin: “Çörək daşıyanların bəziləri natəmizlik edir. Çörəyə zərər vururlar”.

Əslində çörəkbişirmə sexləri də bu qaydalardan və təmizlik normalarından xəbərsiz deyil.

Nicat Səmədov – Sahibkar: “Sahibkar olaraq səslənirəm ki, səliqəli olmaq lazımdır. Çörəyə hörmətsizlik etmək olmaz. Onu qaydasında, səliqəli təhvil vermək lazımdır”.

Uğur Canıyev – Çörək sexinin nümayəndəsi: “Bizə verirlər, bişirib hazırlayırıq. Aparmaq onların öz işidir. Onlara da tövsiyyəmiz olur ki, təmiz parça sərsinlər maşınlara və yaxud təmiz qutularda aparsınlar. Maşın antisanitar vəziyyətdə olarsa biz onlara çörək vermirik”.

Yəqin ki, bu sadalananları etmək onların çox vaxtını alır, ya da əlavə əziyyətə düşmək istəmirlər.

Saçlı Vəliyeva – Çörək sexinin əməkdaşı: “Deyirik qutu tap, qutuda verək. Deyir ki, lazım deyil, mən belə aparıram, ürəyim belə istəyir. Olmaz belə şey”.

Görünənsə odur ki, bu cür başa salımaqla bəziləri başa düşmək istəmir. Deməli mütləqdir ki, bu sahədə də sərt addımlar atılsın. Yeyinti məhsullarının daşınması zamanı sanitar norma və qaydalarını pozanlar ciddi cəzalandırılsa, bu digərləri üçün dərs olar. Vətəndaş da aldığı çörəyin təmizliyindən əmin olaraq yeyər.