“Yol pulum yox idi” – Kirayədə yaşayan oğru qonşusunun evini soydu – VİDEO

03 Oktyabr 2018 18:55

Şəmkir polisi oğurluqda şübhəli bilinən Tərtər sakinini saxlayıb.

ARB TV xəbər verir ki, əvvəllər 18 il məhkumluq həyatı yaşayan şəxs rayon sakininin evindən külli miqdarda qızıl və nəğd pul oğurlamaqda şübhəli bilinir.

2 sentyabr saat 17 radələrində naməlum şəxs və ya şəxslər Dəllər qəsəbəsindəki yaşayış evlərindən birini qarət ediblər. Zərərçəkən dərhal hadisə ilə bağlı polisə məlumat verib. Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Çox keçməyib ki, qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu aydınlaşıb.

Saxlanılan şəxs Şəmkirə cinayəti törətməzdən bir-neçə gün öncə gəldiyini və cinayəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdiyi qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.

Pərviz Cəfərov – Saxlanılan şəxs: “Gördüm ki, qonşu evindən gedir, hasardan tullandım evə. Pəncərə açıq idi. Oradan keçib daxil oldum evə. Götürüb çıxdım evdən. Yol pulum yox idi, bir qismini qızıl mağazasına verdim, 135 manat aldım. Getdim Qazaxa, qalanını da orada satdım. 2000 manatdan çox oldu”.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.