“Anlamadız? Söndürün kameranı” – Qanunsuz heyvan saxlayan şəxs müxbirə HƏDƏ-QORXU GƏLDİ – VİDEO

03 Oktyabr 2018 10:42

Gəlirlərini heyvanlara işgəncə vermək bahasına artıranlar var.

ARB TV xəbər verir ki, əyləncə mərkəzləri, restoranlar müştəri cəlb etmək üçün bəzən ərazilərində qəfəsə salınmış vəhşi heyvanlar saxlayırlar. 

Bir tərəfdən başa düşmək olar ki, obyekt sahibi bununla gəlirini artırmaq istəyir. Digər tərəfdən axı o heyvanların günahı nədir ki, onlara belə işgəncə verilir. Çünki, hər kəs bu cür obyektlərdə saxlanılan heyvanların şəraitini özü öz gözüylə görüb. Əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı dəfələrlə reyd keçirib, bu kimi hallara yol verən obyekt sahibləri cərimələnsələr də görünən budur ki, dəyişən bir şey yoxdu.

Tülkü, qartal, uzunqulaq, kenquru, müxtəlif növ toyuq, dovşan və daha bir neçə heyvan və quş növləri. Bu mərkəzdə ev heyvanları ilə yanaşı, vəhşi heyvanlar da saxlanılır. Mərkəzin nümayəndəsi deyir ki, heyvanların yarısı xaricdən gətirilib, yarısı isə ölkədən alınıb. 

Amma istənilən halda mərkəz heyvanların saxlamaq hüquqları ilə bağlı sənədi nə təqdim edə bildi, nə də buna maraq göstərdi. 

Yalnız baytarlıq idarəsinin şəhadətnaməsi ortaya çıxdı. Çəkilişə istəyimiz isə adminstratorun marağına uyğun gəlmədi və çəkiliş qrupuna hədə-qorxu gəldi.

Hacıqabulda yerləşən məşhur restoranların birində də meymundan tutmuş dəvəyə qədər bir çox heyvan qəfəslərdə saxlanılır. 

Heyvanların saxlanılma qaydasından danışan restoranın admnistratoru da sənədlə bağlı sualımızı cavabsız qoydu və dili topuq vurdu.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyir ki, bu cür hallarla bağlı mütəmadi olaraq reyd keçirilir. Xaricdən gətirilən və sertifikatı olan heyvanlara müdaxilə olunmur. Ancaq Azərbaycan faunasına daxil olan heyvanlar obyektlərdən alınır. 

Firdovsi Əliyev – Ekologiya və Təbii Sərvətlər nazirinin müavini: “Azərbaycanın faunasına daxil olan heyvan növüdürsə, təbii ki, dərhal alınır. Bizim Altıağac Milli Parkı nəzdində reabilitasiya mərkəzimiz var. O orada saxlanılır, müəyyən qədər uyğunlaşma prosesi keçir. Sonradan isə heyvan təbiətə, azadlığa buraxılır”.

Cərimələrə gəlincə, obyekt sahibləri isə heyvanın qiymət dəyərində cərimə olunurlar. Əgər həmin canlının qiyməti 1000 manatdan yuxarıdırsa, faktla bağlı cinayət işi açılır. Ekspertlər deyirlər ki, bu cür halların qarşısının alınması üçün reyd keçirilməsi kifayət deyil. İctimai qınaq da olmalıdır ki vətəndaşlar həmin obyektlərə getməsinlər.

Elşad Əsgərov – Ekspert: “O yerlərə daha həvəslə gedirik. Həm restorandı, həm də zoopark. Əgər özümümüz tərbiyələndirsək ki, elə yerə getməyək, onların gəlirləri aşağı düşər”.

Belə hallarla rastlaşan vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə zəng vuraraq məlumat verə bilərlər. Həm həmin heyvanları əzabdan xilas etmək, həm də qanun pozanların tapılmasına yardım üçün.