İnsanları restoranlara cəlb etmək üçün bu yollardan istifadə etdilər - VİDEO

02 Oktyabr 2018 18:49

İnsanlar adətən nəsə qeyri-adi bir şey görməyə can atır. Bu səbəbdəndir ki, bəzi restoratorlar qonaqlarını müxtəlif yollarla təəccübləndirməyə çalışır.

ARB TV-nin “Günə doğru” proqramı maraqlı kafe adlarına dair süjet hazırlayıb.

Müştəriləri cəlb etmək üçün maraqlı kafe və restoran adlarının seçilməsi həmişə olub. Lakin elə yerlər də da var ki, öz qəribə adı ilə seçilir, elə Şəkinin mərkəzində yerləşən “Yedin, dur!” kafesi kimi.

Ələddin Əndəlifov – Müştəri: “Yeyib durmalısan ki, başqası da gəlib otursun”.

Adətən restoranlar müştərilərinin daha çox sifariş üçün daha çox oturmasını istəsə də, “Yedin dur” kafe əksinə, müştəriləri tələsməyə səsləyir. Amma bu qaça-qaçın yaşandığı yeganə restoran deyil.

"Bu gün pullu, sabah pulsuz" istirahət yerində də tələsirsən. Bu gün dincəlib hesabı ödəyənlər, sabah havayı kef edəcəyini düşünərək, səbirsizlənir.

Ziyafət Əkbərov - Kafe sahibi: “Adı qoyandan sonra yaxşı nəticə oldu. Səhər gəlib gözləyirlər ki, bu gün pulsuz olsun. Amma nəticədə bu gün sayılır”.

Sən demə, restoran adındakı o sabah ildə bir dəfə gəlir. 
Yəni, ildə bir dəfə burada pulsuz xidmət gostərilir. Bir gündən bir yox.

“Arı Məmməd” adi ilə fəaliyyət göstərən restoranından isə adın müştəri cəlb etməklə əlaqəsinin olmadığını deyirlər.

Sahibinin ləqəbinin şərəfinə adlandırılmış restoran görmək bəlkə də qəribə gələ bilər. 
Amma bu hələ harasıdır. Elşad adlı bu usta hazırladığı dönərin şərəfinə obyektinə "Usta Elşadın qırğın dönəri" adını verib. Hələ ölkədə adını sahibinin bığlarından götürmüş obyektlər var. Ne deyək, adı ilə böyüsünlər.