XOCAVƏNDİN İŞĞALINDAN 26 İL ÖTÜR

02 Oktyabr 2018 14:36

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il keçir

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib.

1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800 nəfərdən çox sakini olan bu qədim Azərbaycan kəndinin sakinlərindən 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb. 43 ailə başçısını itirib, 1 ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.