“Səhər tezdən dayanıb su davası edirəm” – Yasamalda 900 MƏNZİLİN SUYU KƏSİLDİ – VİDEO

25 2018 21:31

Təsəvvür edin ki, bütün kommunal haqlarınızı ödəmisiz və heç bir borcunuz yoxdur. Axşam yorğun işdən çıxıb evə gəlirsiz və əl-üzünüzü yumaq istəyərkən suyun olmadığının şahidi olursuz.

ARB TV xəbər verir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 1 ünvanında yaşayan 900-dən çox mənzilin sakini məhz bu problemlə üzləşiblər.

Suyu kəsən bu suyun verilişinə cavabdeh qurum deyil, binanın mənzil-təsərrüfat idarəsidir.

Vüqar Yusifov – Sakin: “Səhər tezdən iki saatdır həyətdə dayanmışam, su davası edirəm”.

Nazim Qasımov – Sakin: “Bu hal tez-tez təkrarlanır. Sayı hesabı yoxdur. Bu ay bəlkə 3-4 dəfə olub”.

Sakinlərin bildirdiyinə görə xidmətləri yerinə yetirən icraçı şirkətin bu barədə onlarla heç bir müqaviləsi və ya razılaşması yoxdur.

Elsevər İsgəndərov – Sakin: “Biz MTK ilə sakin arasında müqavilə istəyirik. Tərəflər öz üzərinə öhtəliklər götürməlidir. Biz sakin olaraq MTK qarşısında vəzifə borcumuzu bilək və ayda o pulu ödəyək. O müqavilə olmadığına görə biz bilmirik yığılan pul hara gedir, kimin cibinə gedir”.

Qarşı tərəf isə sakinlərin bu tələbi ilə razılaşmadı. Təsərrüfat işlərini yerinə yetirən şirkətin nümayəndəsi müsahibə verməkdən boyun qaçırsa da, müxtəlif bəhanələrlə fəaliyyətlərinə haqq qazandırmağa çalışdı:

“Matorlar fasilə ilə işləyir. Blok yandığına görə, bütün mexanizm xarab olduğuna görə bir rəsmi şirkət var, onu çağırmışıq. Onlar da bir qiymət deyib. Bu gün burada yığılan pullar bu binanın xidmət pulunu ödəmir”.

Ekspertlər deyir ki, xidməthaqqını ödəməyən sakinlərə görə vətəndaşların qazı, suyu və işığı kəsilə bilməz. Bunu nəinki MTK və ya icraçı şirkət, hətta aidiyyatı qurum belə edə bilməz. Bu tip şikayətlərin əksər binalarda olduğunu nəzərə alsaq, deməli vəziyyət ciddidir. Azərsu ASC-dən suyun binanın təsərrüfat idarəsinə təhvil verildiyi, təminata korporativin cavabdeh olduğu bildirildi.

Anar Cəbrayıllı - Azərsu ASC-nin mərbuat katibi: “Bizim qanunvericilikdə də göstərilib ki, borcu olmayan insanların nə suyunu, nə qazını, nə də işığını kəsmək olmaz. Kimin borcu varsa ayrı məsələ. Həmin kooperativin işçiləri də yaxşı olardı ki, hamının suyunu dayandırmasınlar”.

Suyun istehlakı aidiyyatı qurumla vətəndaş arasındakı müqavilə ilə tənzimlənir. Hüquqşunas Siracəddin Kərimov deyir ki, heç bir halda korporativ və ya digər icraçı şirkət vətəndaşın dövlət orqanı ilə bağladığı müqaviləni poza bilməz.

“Bir və yaxud bir neçə nəfərə görə hamının qazı, işığı, suyu kəsilibsə, həmin vətəndaşlara demək istəyirəm ki, onlar məhkəmə müdafiəsi hüququndan istifadə edərək maddi və mənəvi ziyan tələbi ilə həmin MTK-nın rəhbərliyinə qarşı iddia qaldıra bilərlər”.

Mütəxəssislərin fikrincə korporativ binalarda yaranan bu və digər problemlərlə əlaqədar qanunların sərtləşdirilməsi mütləqdir. Minbir zəhmətlə ev alan vətəndaş hərbə-zorbaya deyil, qanunlara arxalanmalıdır.