Azərbaycanda gənclər niyə gec evlənir? - AÇIQLAMA – VİDEO

21 2018 16:45

“Ev olmur, iş olmur”

Gec evlilik
: Kimisi bunu sosial problem kimi dəyərləndirir, kimisi də psixoloji baxımdan dəyərləndirir.

ARB TV-nin “Günə Doğru” verilişində son zamanlar Azərbaycanda gec ailə quranların sayının durmadan artması ilə bağlı maraqlı reportaj yayımlanıb.

Vəfa Əkbər – Psixoloq: “Bu yaş həddi bizim cəmiyyət üçün gec hesab olunur, amma, inkişaf etmiş ölkələrdə bu normal yaş həddidir. İnsanlar xoşbəxt olmağa can atırlar. Bundan da irəli gəlir ki, bir az gec evlənirlər”.

Ailə quran gənclərin yaş həddi 27-30-a qədər yüksəlib. Ekspertlər evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayında da təsir edəcəyini deyirlər”.

Cavid İmamoğlu – Sosioloq: “İş elanlarında bakalavr, bəzən magistr təhsili istəyirlər. 26-27 yaşına qədər gəlib çıxır, hələ oğlanlar üçün 1 il də əsgərlik. Oğlanlar peşə sahəsində müvəffəq olsaydılar onlar tez evlənərdilər. Təəssüflər olsun ki, bizdə bu sahə ilə bağlı problemlər var. Hər qadına görə 2 uşaq nəzərdə tutulur, amma evlilik yaşı yuxarı qalxdıqca bu rəqəm də artıq sual altına düşür”.

Şəhər sakinləri isə gec ailə qurmağı sosial problemlərdə görürlər.

Paytaxt sakini: “Uşaqlar istəyir ki, hər bir şəraiti olsun, ondan sonra evlənsinlər ki, söz-söhbət olmasın”.
Paytaxt sakini: “Mən özüm 31 yaşında ailə qurmuşam. Özüm də bundan razıyam”.
Paytaxt sakini: “Ev olmur, iş olmur. Gərək normal iş olsun ki, ailəni dolandıra biləsən”.

Ekspertlər belə hesab edirlər ki, gec evliliyin kökündə daha çox maddi problemlər durur. Əgər sosial problemlər olmazsa, evlilikdə yaş həddi minimuma enə bilər.

Cavid İmamoğlu – Sosioloq: “Evlilik yaşı 29-a qalxmamalıdır, iqtisadi vəziyyətdən, işsizlikdən asılı olmamalıdır. Hər bir kəs sevdiyi şəxslə, istənilən yaşda ailə qura biləcək təfəkkürə sahibdir. Ailə planlaşdırılmalıdır”.

Çox zaman valideynlər uşaqlarını evlənməyə məcbur edirlər. Bu isə nəslin davam etməsi istəyidir.

Vəfa Əkbər – Psixoloq: “Sağlam ailə olduqda, xəyanət olmayanda, sağlam təfəkkürlü şəxsiyyət yetişdirdikdə, o ailə üçün vacib deyil ki 4-5 uşağı olsun. Onlar bunu düşünməlidirlər. Bunu düşünən insan varsa gec evlənir. Düşünməyənlər isə tez-tələsik, hətta cəmiyyətin düşüncəsini ön plana çəkib evlənirlər.

Əgər həyatınızda yaxşı münasibətdə olduğunuz bir insan varsa və maddi baxımdan özünüzü yaxşı hiss edirsizsə, gecikməyin. Əks halda gələcəkdə problemlər yaşana bilər. Unutmayın ki, evlilik sağlam seçimdir. Hər zaman sağlam seçimlər diləyi ilə.